İclası Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, müsabiqənin Təşkilat Komitəsinin rəhbəri Fərəh Əliyeva açıb. Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev də iştirak edib.
İclasda 2022-ci ildə “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı konsepsiyanın müəyyənləşdirilməsi, tərəfdaşlar, imtahanların modeli, ümumi qaydalar, mexanizmlər müzakirə olunub. Habelə, Mentorluq Proqramının gedişatı barədə məlumat verilib və qeydiyyatla bağlı proseduralar yenidən nəzərə çatdırılıb. Sonda “Yüksəliş” müsabiqəsi qaliblərinin təsis etdiyi Yüksəliş Klubu barədə ətraflı məlumat komitə üzvlərinə təqdim olunub.
Xatırladaq ki, 9 dekabr tarixində Prezident İlham Əliyev 2022-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və “Yüksəliş” müsabiqəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.