Dövlətimiz tərəfindən ölkəmizin beynəlxalq aləmə inteqrasiyası prosesinin daha intensiv və sürətlə həyata keçirilməsi məqsədilə bütün sahələr kimi dövlət idarəetməsinin mühüm institutlarından biri olan dövlət qulluğu sistemi də inkişaf etdirilir, bu istiqamətdə daha genişmiqyaslı islahatların həyata keçirilməsi üçün çoxşaxəli, ardıcıl, mərhələli tədbirlər hazırlanır, qanunvericilik bazası möhkəmləndirilir. Müstəqillik dövründə müasir tələblərə cavab verən yeni dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Dövlət qulluğu sisteminin təkmilləşdirilməsi, modern dövlət quruculuğu istiqamətində islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda da uğurla davam etdirilir. Dövlət İmtahan Mərkəzi (DİM) də öz vəzifə və səlahiyyətləri çərçivəsində dövlət qulluğu sisteminin inkişaf etdirilməsi və təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirir, müəyyən layihələr hazırlayır. DİM-in əsas fəaliyyət istiqamətlərindən biri dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir. Dövlət İmtahan Mərkəzinin bu sahədə əsas vəzifələrindən biri isə dövlət qulluğuna qəbulu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsini mərkəzləşdirilmiş qaydada, müsabiqə əsasında, şəffaf şəraitdə həyata keçirməkdən ibarətdir.
Dövlət qulluğuna qəbul mexanizmi
Məlum olduğu kimi, dövlət qulluğuna qəbul üzrə müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanları inzibati vəzifələrin iki növü – inzibati rəhbər (idarəetmə) və inzibati icraçı vəzifələrin aid olduğu beş vəzifə qrupu üzrə keçirilir. İmtahanlar ayda bir dəfədən az olmayaraq təşkil olunur. DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə 2017-ci ilin noyabr ayından start verilmişdir. Bu müddət ərzində dövlət qulluğuna qəbul üzrə 19, o cümlədən 2017-ci ildə 2, 2018-ci il ərzində 12, cari ilin beş ayı ərzində isə 5 test imtahanı keçirilmişdir. Test imtahanlarında iştirak üçün 16241 namizəd qeydiyyatdan keçmiş, onlardan 16019 nəfər imtahanlarda iştirak etmişdir. Keçirilən test imtahanlarında 5644 namizəd, o cümlədən inzibati rəhbər vəzifələr üzrə 191, inzibati icraçı vəzifələr üzrə 5453 namizəd uğur qazanmışdır. Test imtahanlarında uğur qazanan şəxslərə DİM tərəfindən test imtahanından keçmək haqqında müvafiq vəzifə qruplarına uyğun sertifikatlar verilir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.
DİM dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilməsi istiqamətində də öz vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları lazımi səviyyədə yerinə yetirir. Dövlət orqanı müsahibə elanının məzmununu, vəzifə təlimatını, müsahibə proqramını DİM ilə razılaşdırmaqla müəyyən edir və müsahibə elanı vakant vəzifələrin aid olduğu dövlət orqanının rəsmi internet saytı ilə yanaşı, DİM-in də rəsmi internet portalında yerləşdirilir. DİM müsahibələrin keçirilməsi məqsədilə dövlət orqanlarının yaratdığı müsahibə komissiyasına ekspert və ya mütəxəssislər və nümayəndələrini təqdim edir, müsahibələrin obyektiv və şəffaf keçirilməsini təmin edir. DİM-in fəaliyyəti dövründə keçirilən müsabiqə üzrə müsahibələrdə 1991 uğurlu müsahibə qeydə alınmış, 1056 nəfər dövlət orqanlarında müxtəlif inzibati vəzifələrə təyin olunmuşdur. Daxili müsahibələr üzrə qeydə alınmış 874 uğurlu müsahibənin nəticəsində 754 nəfər, ümumi müsahibələr üzrə qeydə alınmış 558 uğurlu müsahibənin nəticəsi olaraq 389 nəfər dövlət qulluğunda işlə təmin olunmuşdur.
Bu illər ərzində DİM tərəfindən keçirilmiş müsahibələrdə namizədlər 14502 dəfə qeydiyyatdan keçmiş və buna uyğun olaraq müsahibə komissiyaları təşkil olunmuşdur. Komissiyanın tərkibinə 1 nəfər DİM əməkdaşı, 1 nəfər müvafiq orqanın nümayəndəsi, 1 nəfər isə müstəqil ekspert cəlb olunur. Çox təəssüf ki, namizədlərlə cəmi 7996 müsahibə keçirilmişdir, 6506 müsahibə isə namizədlərin bu işə məsuliyyətsiz yanaşmasına görə baş tutmamışdır. Onlar qeydiyyatdan keçsələr də, müsahibələrə gəlməmişlər, halbuki bu müsahibələrin təşkilinə kifayət qədər insan, vaxt və maddi resurs sərf olunur.
Dövlət qulluğuna qəbul üzrə elmi-metodik kömək
Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi-metodiki və texniki kömək məqsədi ilə də mütəmadi olaraq zəruri tədbirlər görülür. İnzibati vəzifələrin aid olduğu bütün vəzifə qrupları üzrə ay ərzində iki dəfə elektron sınaq imtahanları təşkil edilir, namizədlərin imtahana daha səmərəli hazırlaşmaları üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı olan, dövlət qulluğuna aid zəruri materialların dərc edildiyi “Dövlət qulluğu” jurnalı nəşr olunur. Eyni zamanda, DİM-in rəsmi internet portalı vasitəsilə bu sahəyə aid bir çox faydalı məlumat və materiallar təqdim edilir.
DİM tərəfindən nəşr olunan “Dövlət qulluğu” jurnalının müxtəlif nömrələrində dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə kömək məqsədi ilə bir çox zəruri materiallarla yanaşı, imtahanda yoxlanılan bilik sahələrinin hər bir vəzifə qrupu üzrə proqramları, habelə qapalı və açıq tipli test tapşırıqlarının həm kompüter, həm də kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanlar üçün cavablandırılması qaydaları, mürəkkəb test tapşırıqlarının izahı verilir.
DİM-in təşkil etdiyi elektron sınaq imtahanları dövlət qulluğuna işə qəbul olunmaq istəyənlərə test imtahanlarının məzmunu, test tapşırıqlarının tipindən və formasından asılı olaraq cavablandırılması qaydaları, eyni zamanda imtahanın keçirilməsi texnologiyası ilə tanış olmaq üçün əsaslı vasitələrdən biridir.
Dövlət İmtahan Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi layihələrdən biri də dövlət qulluğuna işə qəbul olunmaq arzusunda olanlara müsabiqədə uğur qazanmaq üçün yardımçı olacaq “Dövlət qulluğu üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” adlı metodiki vəsaitin nəşr olunmasıdır. Metodiki vəsait DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə keçirilmiş test imtahanlarının və müsahibələrin nəticələrinin təhlili əsasında hazırlanmışdır. Eyni zamanda, DİM tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlara kömək üçün “500 test tapşırığı” adlı test tapşırıqları toplusu nəşr olunaraq namizədlərə təqdim olunmuşdur.
Elektron xidmətlər
Vətəndaşlar DİM-in rəsmi internet saytı vasitəsilə dövlət qulluğuna aid müntəzəm olaraq yenilənən elmi-metodiki və digər maarifləndirici materiallarla tanış ola bilərlər. Mərkəzin rəsmi internet saytında, həmçinin dövlət qulluğu üzrə müxtəlif elektron xidmətlər göstərilir. Burada vətəndaşlar test imtahanında iştirak etmək, test imtahanından keçmək barədə sertifikatın verilməsi, vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə elan edilmiş müsahibə və ümumi müsahibədə iştirak, dövlət qulluqçularının reyestrindən məlumatların verilməsi, dövlət qulluğu stajının hesablanması, dövlət qulluğuna qəbulla bağlı elektron sınaq imtahanına qeydiyyat, MİDA və İpoteka Zəmanət Fonduna təqdim edilməsi üçün arayışlarının hazırlanması üzrə qeydiyyat, dövlət qulluğunda ehtiyat kadrlar və ehtiyat kadrlar siyahısından dövlət qulluğuna qəbul edilmiş şəxslər barədə məlumatların əldə edilməsi və digər xidmətlərdən yararlana bilərlər.
Dövlət İmtahan Mərkəzi tərəfindən “Dövlət qulluğunda karyera bələdçisi” adlı elektron xidmət də fəaliyyət göstərir. Bu xidmət hazırda dövlət qulluğunda çalışan və dövlət qulluğuna qəbul olmaq istəyən şəxsləri istiqamətləndirmək və karyeranın planlaşdırılmasına kömək etmək məqsədilə yaradılmışdır.
DİM-in rəsmi internet saytı üzərindən qeyd olunan elektron xidmətlərdən yararlanmaq vətəndaşların işini xeyli yüngülləşdirir, onları bəzi məlum texniki çətinliklərdən və digər maneələrdən azad edir. Bu xidmətlərdən indiyə qədər 70 min dəfədən çox istifadə olunmuşdur.
Təlimlər
Azərbaycan Respublikasının hər bir vətəndaşının dövlətin idarə olunmasında iştirak etmək hüququ var və tələblərə uyğun olduğu halda dövlət orqanlarında qulluq etmək imkanına malikdir. Dövlətimiz də milli dövlət quruculuğu istiqamətində müntəzəm olaraq zəruri islahatlar həyata keçirir, dövlət qulluğuna qəbul mexanizmini təkmilləşdirməklə bu sahəyə daha layiqli, zəruri olan keyfiyyətlərə, bilik və səriştələrə malik vətəndaşların cəlb edilməsi üçün şərait yaradır.
Dövlət qulluğunda çalışmaq insana ilk növbədə Vətənə, xalqa, dövlət və dövlətçiliyə şərəflə xidmət etmək imkanı verir. Dövlət qulluğu fədakarlıq tələb etməklə yanaşı, insanın fərdi marağını da ifadə edir. O, təkcə layiqli dövlət məvacibi, gələcəkdə dövlət pensiyası və digər sosial təminatlar deyil, həm də əlavə təhsil almaq hüququ, karyera inkişafı, idarəçilikdə mühüm rol oynamaq imkanı təklif edir. Dövlət qulluqçusunun vəzifələrini layiqincə icra etdiyi halda iş yerini itirmək riski də aşağıdır. Hətta dövlət orqanı ləğv edildiyi və ya ştat vahidi ixtisara düşdüyü halda, dövlət qulluqçusu müvafiq dövlət orqanında analoji vakant vəzifə tutmaq üstünlüyü əldə edir. Dövlət qulluqçusunun vəzifə funksiyalarının icrası ilə bağlı həm ölkə daxilində müxtəlif bölgələrə, həm də xarici ölkələrə ezam olunmaq hüququ vardır. Bu isə ona fərqli təcrübələri öyrənməklə yanaşı, ayrı-ayrı idarəçilik sistemləri, mədəniyyətlərlə tanış olmaq imkanı da yaradır.
Bütün bunlarla yanaşı, dövlət qulluğunda çalışmağın digər üstünlük və imtiyazları da vardır. DİM-in əsas hədəflərindən biri də bu sahəyə maraq göstərən şəxslərdə, xüsusilə də gənclərimizdə dövlət qulluğu barədə müəyyən təsəvvürlər yaratmaq, onlara lazımi istiqamət göstərməkdir. Bu məqsədlə DİM tərəfindən ictimaiyyətin müxtəlif dairələri üçün dövlət qulluğu sistemi ilə bağlı müxtəlif tədbir, seminar və təlimlər təşkil olunur. Ali məktəblərin bakalavr və magistratura səviyyəsində təhsilalanlar üçün təşkil olunan tədbir və seminarlarda dövlət qulluğu sistemi, onun mahiyyəti, dövlət qulluğunda çalışmağın üstünlüklərindən söz açılır. Eyni zamanda, iştirakçılara dövlət qulluğuna qəbul mexanizmi, dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı və müsahibə mərhələləri, onların keçirilmə qaydaları, test imtahanının məzmunu, imtahanda yoxlanılan bilik sahələri üzrə proqramlar, dövlət qulluğuna işə qəbul olunmaq istəyən şəxslərə elmi-metodiki köməklik məqsədi ilə DİM tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumatlar verilir. 2019-cu ildə belə tədbirlər Sumqayıt Dövlət Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində və Dövlət İdarəçilik Akademiyasında təşkil edilmişdir.
“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” qaydasının düzgün tətbiqinin təmin edilməsi ilə bağlı da DİM tərəfindən mütəmadi təlimlər təşkil edilir. Təlimdə xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların (hədəflərin) müəyyən edilməsi, qiymətləndirmə meyarları və digər mövzular barədə məlumat verilir.
Bundan əlavə, dövlət qulluğunda etik davranış qaydalarının tətbiqi, bu məsələlər üzrə dövlət qulluqçularının biliklərin təkmilləşdirilməsi məqsədi ilə mütəmadi zəruri işlər aparılır. Mərkəz tərəfindən “Korrupsiyaya qarşı mübarizə” və “Dövlət qulluğunda etika” mövzularında korrupsiyaya qarşı mübarizə, dövlət qulluğunda dürüstlük, etik dilemmalar, onların həlli yolları, düzgün davranış, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və başqa məsələlərini əhatə edən təlimlər keçirilir. Təlimlər mərkəzi icra hakimiyyəti orqanlarında, o cümlədən dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarında da keçirilir. Bu cür təlimlər regionlarda çalışan dövlət qulluqçuları üçün də təşkil edilir. Ümumilikdə isə, “Dövlət qulluğunda etika” mövzusunda 543 dövlət qulluqçusuna təlim keçirilmişdir.
Mərkəz tərəfindən dövlət orqanlarında etik davranış qaydaları ilə bağlı təlim keçəcək şəxslərin yetişdirilməsi ilə bağlı da davamlı iş aparılır. Bu məqsədlə etik davranış qaydaları üzrə təlim keçəcək təlimçilər üçün “Dövlət qulluğunda etika üzrə təlimat: konsepsiyalar, əsas anlayışlar, etika, dəyərlər və davranış qaydaları” adlanan təlimat kitabçası hazırlanmışdır.
Dövlət İmtahan Mərkəzi tərəfindən, həmçinin müxtəlif dövlət orqanları tərəfindən müsahibə komissiyasının üzvü kimi cəlb edilməsi nəzərdə tutulan dövlət qulluqçularına və dövlət orqanının təqdim etdiyi müstəqil ekspertlər üçün də “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda təlimlər keçirilmişdir. Ümumilikdə, 2018-ci il və 2019-cu ilin birinci yarısında 282 şəxslə bu cür təlimlər keçirilmişdir.
Beynəlxalq layihələr
Mərkəz dövlət qulluğu sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin təbliği məsələsinə xüsusi önəm verir. Bu məqsədlə DİM 2018-ci ildə dövlət qulluğunun inkişafına yönəlmiş dövlət və beynəlxalq proqramların həyata keçirilməsində iştirak etmiş, dövlət qulluğu məsələləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, seminarlar keçirmiş, konfranslar və digər tədbirlər təşkil etmişdir.
Dövlət qulluğu sistemi ilə əlaqədar beynəlxalq təcrübədən yararlanmaq, eyni zamanda, təcrübə mübadiləsi aparmaq məqsədi ilə DİM əməkdaşları həm ölkə daxilində, həm də xarici ölkələrdə bu sahə ilə bağlı müxtəlif mövzularda təşkil olunan tədbir və konfranslarda müntəzəm olaraq iştirak edirlər. Bu istiqamətdə həyata keçirilən ən böyük layihələrdən biri 2 ildən artıq bir müddətdə həyata keçirilmiş Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi olmuşdur. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə Litva Respublikasının tərəfdaşlığı ilə həyata keçirilmişdir. Layihə çərçivəsində benefisiar qurum Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi, Litva tərəfindən layihə tərəfdaşları isə Litva Respublikası Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi idi.
Layihənin əsas məqsədi Azərbaycanda qabaqcıl Avropa təcrübəsinə uyğun olan peşəkar, dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə vermək, vəzifələrin qruplaşdırılması, onun işəgötürmə, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı ilə əlaqələndirilməsi üçün Dövlət İmtahan Mərkəzinin mövcud imkanlarını və fəaliyyətinin səmərəliliyini artırmaq, həmçinin mövcud alətləri təkmilləşdirmək olmuşdur.
Layihə 4 komponentdən ibarət idi:
Dövlət qulluğu vəzifələrinin funksiyaların məzmununa uyğun olaraq qruplaşdırılması;
dövlət qulluğuna qəbul sisteminin təkmilləşdirilməsi;
dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi;
dövlət qulluqçularının əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması.
Layihənin yerinə yetirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kimi qurumlar pilot dövlət orqanları seçilmişdir.
Layihənin icrası müddətində litvalı ekspertlər DİM əməkdaşları ilə layihənin komponentləri üzrə birgə fəaliyyət göstərmiş, onların iştirakı ilə dövlət orqanları üçün mütəmadi seminarlar təşkil edilmişdir. Layihənin icrası müddətində keçirilmiş seminar və təlimlərə ümumilikdə 530 nəfər dövlət qulluqçusu cəlb edilmişdir. Tvininq layihəsi çərçivəsində təşkil olunan tədbirlərdən biri Bakıda və Vilnüsdə dövlət qulluğuna qəbulda səriştələrin yoxlanılması üzrə situasiya yönümlü qiymətləndirmə alətlərinin hazırlanması istiqamətində təlimlərin keçirilməsi idi. Təlimlərdə Litvada dövlət qulluğu və dövlət quluğuna qəbul sistemi, bu istiqamətdə aparılan islahatlar haqqında məlumatlar verilmişdir.
Strategiya
Mərkəz tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı çoxsaylı işlər həyata keçirilib. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa, o cümlədən dövlət qulluğu münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara dəyişikliklərlə əlaqədar təkliflər verilmiş, dövlət qulluğunun inkişafı və səmərəli tənzinmlənməsi ilə bağlı yeni fərman və sərəncam layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Həmçinin DİM tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” layihəsi hazırlanmışdır. Layihə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Strategiya dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədi ilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən konseptual sənəd rolunu oynamaqdadır. Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.
Strategiyanın icrası 2019−2021-ci və 2022−2025-ci illəri əhatə edən iki fəaliyyət planının həyata keçirilməsi ilə təmin ediləcəkdir. Fəaliyyət planları strategiyada nəzərdə tutulan əsas inkişaf istiqamətləri üzrə müvafiq hədəfləri, həmin hədəflərə çatmaq üçün həyata keçirilməsi tələb olunan konkret tədbirləri, icraçıları və müddətləri özündə əks etdirir. Sərəncama əsasən strategiyanın həyata keçirilməsi üzrə əsas icraçı qurum və icrasının monitorinqi üzrə əlaqələndirici orqan kimi Dövlət İmtahan Mərkəzi müəyyən edilmişdir.
Strategiya çərçivəsində aşağıdakı inkişaf istiqamətləri üzrə müvafiq tədbirlərin həyata keçirilməsi müəyyən edilmişdir:
- dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi;
- dövlət qulluğunda kadr siyasətinin inkişafı;
- dövlət qulluğunda rotasiya;
- dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi;
- dövlət qulluqçularının fasiləsiz peşəkar inkişafının təmin edilməsi;
- dövlət qulluğunun informasiya təminatı və elektron dövlət qulluğunun inkişaf etdirilməsi;
- dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılması;
- dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və icrasına nəzarət;
- dövlət orqanlarının struktur bölmələrinin və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi;
- dövlət qulluqçularının etik davranış qaydalarının tətbiqinin təkmilləşdirilməsi.
Mərkəz tərəfindən strategiyanın icrasının təmin edilməsi məqsədilə müvafiq əmrlə işçi qrupu yaradılmış, lazımi tədbirlərin icrası üzrə məsul şəxslər müəyyən edilmişdir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin müəyyən edilmiş müddətlər çərçivəsində icrasının təmin edilməsi üzrə zəruri tədbirlər görür.
Strategiyanın tələblərindən irəli gələn məsələlərdən biri də dövlət qulluğunda beynəlxalq təcrübəyə əsaslanan səriştə (kompetensiya) modelinin tətbiq edilməsidir. Səriştə modelinin tətbiqi dövlət qulluğu vəzifələrinin onların fəaliyyət sahələri üzrə qruplaşdırılması və qruplar daxilində vəzifə profillərinin yaradılması ilə müşayiət olunmalı, dövlət qulluğuna qəbul zamanı zəruri səriştə və biliklərin ölçülməsi üçün daha mükəmməl alətlər kompleksindən istifadə olunmasıdır. Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən də öz vəzifələri çərçivəsində dövlət qulluğu sisteminin təkmilləşdirməsi, eyni zamanda dövlət qulluğuna qəbul zamanı bilik və səriştələrin ölçülməsi üçün yeni qiymətləndirmə alətlərinin hazırlanması məqsədi ilə strategiyanın tələblərindən irəli gələn məsələlər barədə müəyyən tədbirlər həyata keçirilir və zəruri layihələr hazırlanır.
Dövlət qulluqçularının peşə bayramı
Təbii ki, dövlət qulluğu sistemində mövcud vəziyyətdən və bu sahədə baş verən yenilik və islahatlardan daha geniş söz açmaq mümkündür. Dövlətimizin bu sahə ilə bağlı formalaşan siyasəti dövlət idarəçilik institutunun müntəzəm olaraq təkmilləşdirilməsinə, onun modernləşməsinə yönəlmiş siyasətdir. Eyni zamanda, dövlət qulluğunda çalışanlara qarşı qayğı da dövlət tərəfindən daim diqqət mərkəzindədir və cənab Prezident tərəfindən dövlət qulluqçularının sosial təminatının yaxşılaşdırılması ilə bağlı davamlı tədbirlər görülür.
Bu qayğının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə dövlət qulluqçularının peşə bayramı təsis edilib və 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram münasibətilə dövlət qulluğunda çalışanları ürəkdən təbrik edir, onlara sağlam uzun ömür və dövlətimizin, dövlətçiliyimizin möhkəmlənməsində, inkişafında daha səmərəli fəaliyyət arzulayıram.