Dövlət qulluğu: görülən işlər və yeniliklər
Azərbaycan Orudusunun 44 günlük Vətən müharibəsindəki Qələbəsi nəticəsində meydana çıxan reallıq həm ölkəmiz, həm də region üçün yeni inkişaf perspektivləri açmışdır. Hazırda dövlətimizin qarşısında duran əsas məsələ işğaldan azad olunmuş bölgələrin yenidən qurulması və orada sosial-iqtisadi həyatın bərpasından ibarətdir. Ölkəmizdə gedən prosesləri yaxından izləyənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinin sürəti və miqyası qarşısında heyrətlərini gizlətmirlər. Müharibə dövründə olduğu kimi, quruculuq dövründə də cəmiyyətin ölkə Prezidentinin ətrafında sıx birləşməsi gələcək uğurlarımızın əsas təminatıdır.
Müstəqillik dövrünün bütün mərhələlərində olduğu kimi, hazırkı mərhələdə də dövlət qulluqçularının üzərinə xüsusi məsuliyyət düşür. Çünki işğaldan azad olunmuş ərazilərin iqtisadi cəhətdən canlanması və ölkə iqtisadiyyatına tam inteqrasiyası oradakı infrastrukturun, yaşayış sahələrinin və istehsal müəssisələrinin bərpası ilə yanaşı, həm də dövlət institutlarının fəaliyyətinin bərpasından keçir. Dövlətin strateji məqsədləri yerlərdə məhz dövlət qulluqçularının fəaliyyəti ilə reallaşır. Bu məqamda fürsətdən istifadə edərək, bu dəyərli missiyanın yerinə yetirilməsində dövlət qulluqçularına uğurlar arzu etmək və onları 23 İyun Dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik etmək istərdim.
Dövlət qulluqçusu peşəkar bacarıqlar və yüksək əxlaqi dəyərlərə malik olmaqla yanaşı, cəmiyyəti və vətəndaşları hiss etməyi bacarmalı, həm insan yönümlü düşünməli, həm də dövlətin məqsəd və məramını təcəssüm etdirməlidir.
Məlum olduğu kimi, gənc yaşlarda heç də hər kəsdə aydın karyera məqsədləri və zəruri peşəkar xüsusiyyətlər formalaşmır. Bir çox hallarda gənclər karyeraya başlayarkən dövlət qulluğunu müxtəlif səbəblərlə seçirlər. Bəziləri üçün bu, status və sabitlik, bəziləri üçün peşəkar özünüifadə və təcrübə qazanmaq, bəziləri üçün isə dövlətə və insanlara xidmət etməklə özünü əhəmiyyətli hiss etmək imkanıdır. Lakin yalnız öz üzərində işləyərək səriştə və bacarıqlarını davamlı surətdə inkişaf etdirənlər, insanların tələb və ehtiyaclarını anlayaraq adekvat həll yolları tapa bilənlər, zamanın ruhuna uyğun yenilik və texnologiyaları sürətlə mənimsəyənlər və nəhayət, öz fəaliyyətini davamlı şəkildə təhlil edərək hərtərəfli şəxsiyyət kimi yetişənlər dövlət qulluğu sahəsində uğurlu karyera qura bilərlər. Məhz buna görə də Dövlət İmtahan Mərkəzi (DİM) digər dövlət qurumları ilə birlikdə dövlət qulluqçularının seçimi və vəzifədə yüksəlməsi kimi məsələlərə kompleks yanaşmağa, mütərəqqi standartlar və metodlar tətbiq etməyə çalışır.
2021-ci ildən dövlət qulluğu vəzifələrinə namizədlərin şəffaf və obyektiv qiymətləndirilməsi ilə yanaşı, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyanın reallaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi DİM-in prioritet fəaliyyət istiqamətlərindən biri olmuşdur. Bu istiqamətdə nüfuzlu beynəlxalq ekspertlərin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə səriştə modelinin tətbiqi üzrə elmi-metodiki materiallar hazırlanmışdır. Hazırda nəzəri modelin yerli şəraitə uyğunlaşdırılması məqsədilə elmi-tədqiqat işləri həyata keçirilir. Yeni modeldə tədbiq olunması nəzərdə tutulan alətlər bankının formalaşdırılmasına başlanılmışdır.
Qeyd olunanlarla yanaşı, DİM ənənəvi fəaliyyət istiqamətləri üzrə fəaliyyətini davam etdirmişdir. 2021-ci il ərzində dövlət qulluğu istiqaməti üzrə həyata keçirilən fəaliyyətlə əlaqədar əsas məlumatların oxucular üçün maraqlı olacağını düşünürəm.
Dövlət İmtahan Mərkəzi 2021-ci il ərzində dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün müsabiqə, ümumi müsahibə elanlarının verilməsini və müsahibələrin keçirilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə təmin etmişdir. Mərkəz tərəfindən 2021-ci il ərzində dövlət qulluğuna qəbul üzrə 8 müsabiqə, 4 ümumi müsahibə elanı verilmiş və elan edilmiş 41 daxili müsahibə üzrə müsahibələrin keçirilməsi təmin olunmuşdur. Elana çıxarılmış vəzifələr üzrə müvafiq məlumatların (vəzifə təlimatları, müsahibə proqramları və s.) xüsusi proqram təminatı olan “Dövlət qulluğu – Vəzifələrin İdarəedilməsi Sistemi”nə (VİS) daxil edilməsi və bütün elanların VİS vasitəsilə verilməsi təmin olunmuşdur.
Qeyd olunanlarla yanaşı, hesabat dövrü ərzində dövlət qulluğuna namizədlərin qiymətləndirilməsi üzrə test imtahanları müvafiq qanunvericiliyə uyğun şəkildə keçirilmişdir. Mərkəz tərəfindən dövlət qulluğuna qəbul üzrə test imtahanlarının təşkili məqsədi ilə formalaşdırılmış test bankı yenidən ekspertiza edilmiş, yeni test tapşırıqları hazırlanmışdır. Eyni zamanda səriştə modelinə keçid məqsədilə banka situasiya tipli (kazus), sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqlar daxil edilmiş və il ərzində keçirilən test imtahanlarında bu tip tapşırıqlardan istifadə olunmuşdur. İmtahan modelinə bütün vəzifə qrupları üzrə situasiya tipli, AA vəzifə qrupu üzrə idarəçilik səriştəsini, sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını, AB və AC vəzifə qrupları üzrə sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqlar daxil edilmişdir.
Mərkəz tərəfindən 2021-ci il ərzində dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr (AA, AB və AC vəzifə qruplarına uyğun) üzrə 6, B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) isə 7, cəmi 13 test imtahanı keçirilmişdir. Test imtahanlarının keçirilmə tarixi Mərkəz tərəfindən müəyyən edilmiş və müvafiq məlumatlar Mərkəzin internet portalında əvvəlcədən yerləşdirilmişdir.
Namizədlərin test imtahanlarında iştirakı ilə bağlı məlumatlar təhlil edilərkən məlum olur ki, qeydiyyatdan keçmiş 12454 namizəddən 12088-i imtahanda iştirak etmiş, 366 şəxs isə imtahanda iştirak etməmişdir. Test imtahanında iştirak etmiş 12088 namizəddən 4359 nəfər (35%) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmişdir.
Namizədlər daha çox BB vəzifə qrupu üzrə (3508 nəfər) uğur əldə etmişlər. Bu qrup üzrə uğur qazananlar arasında qadınlar (1939 nəfər) üstünlük təşkil etmişlər. İmtahanda iştirak edən namizədlər arasında uğur qazananlar AB vəzifə qrupu üzrə 7%, AC vəzifə qrupu üzrə 36.4%, BA vəzifə qrupu üzrə 23.2%, BB vəzifə qrupu üzrə 41.5% təşkil etmişlər.
Dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər vəzifələr üzrə test imtahanlarında iştirak edən namizədlər arasında dövlət qulluqçuları uğur göstəricisinə görə üstünlük təşkil edirlər. Belə ki, hesabat dövrü ərzində test imtahanlarında iştirak edən 72 dövlət qulluqçusundan 26-sı (36.1%) imtahanda müvəffəqiyyət qazanmışdır. Dövlət orqanlarında müddətli əmək müqaviləsi əsasında çalışan və test imtahanlarında iştirak edən 117 namizəddən cəmi 14-ü (12%) sertifikat almaq üçün müəyyən edilmiş keçid balını toplamışdır. Test imtahanlarında iştirak edən digər kateqoriyaya aid 140 namizəddən 44-ü (31.4%) uğurlu nəticə göstərmişdir.
Dövlət qulluğuna qəbul üçün B növü - inzibati icraçı vəzifələr üzrə test imtahanlarında iştirak edən namizədlər arasında dövlət qulluqçusu olan 582 namizəddən 162-si (27.8%) müvəffəqiyyət qazanmışdır. Dövlət orqanlarında müddətli əmək müqaviləsi əsasında çalışanlar B növü üzrə test imtahanlarında ən aşağı nəticəni göstərmişlər və imtahanda iştirak edən 1020 namizəddən 254-ü (24.9%) sertifikat almaq üçün müəyyən edilmiş keçid balını toplamışdır. Dövlət orqanlarında çalışmayan namizədlərin isə uğur göstəricisi daha yüksək – 38% təşkil etmişdir.
Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarında iştirak edən namizədlər arasında uğur göstəricisinə görə dövlət qulluqçuları A növü – inzibati rəhbər, dövlət orqanlarında çalışmayanlar isə B növü – inzibati icraçı vəzifələr üzrə ən yüksək nəticə göstərmişlər.
Dövlət qulluğunun A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr və B növü - inzibati icraçı vəzifələr üzrə Mərkəz tərəfindən keçirilən test imtahanlarında Respublikamızın 54 ali təhsil müəssisəsinin, habelə müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları iştirak etmişlər. İmtahanda daha çox Bakı Dövlət Universiteti (1155 namizəd) və Azərbaycan Dövlət İqtisad Universitetinin (786 namizəd) məzunları uğur əldə etmişlər. Bakı Dövlət Universitetinin məzunları həm B növü – inzibati icraçı vəzifələr üzrə (1134 namizəd), həm də A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (21 namizəd) ən yüksək nəticə göstərmişlər.
Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları arasında test imtahanlarında iştirak edənlərdən 78 nəfər müvafiq keçid balını toplayaraq sertifikat əldə etmişdir. Xarici ali təhsil müəssisələrinin sertifikat əldə etmiş məzunları arasında Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasının ali təhsil müəssisələrində təhsil almış şəxslər üstünlük təşkil edirlər.
Test imtahanlarında uğur əldə edən namizədlərin böyük əksəriyyətini dövlət ali təhsil müəssisələrinin məzunları təşkil edirlər. Özəl ali təhsil müəssisələri arasında keçmiş “Qafqaz” Universiteti, Bakı Biznes Universiteti və Azərbaycan Universitetinin məzunları da yüksək nəticə göstərənlər sırasındadır.
2021-ci il ərzində dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə, ümumilikdə 10160 müsahibənin keçirilməsi planlaşdırılmışdır. Planlaşdırılmış müsahibələrdən 4565 (44,93%) müsahibənin keçirilməsi təmin edilmişdir. Keçirilməsi nəzərdə tutulan 5595 (55,07%) müsahibə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibənin ləğv edilməsi) baş tutmamışdır.
2021-ci il ərzində 96 dövlət orqanı tərəfindən müsabiqəyə ümumilikdə 1623 vakant vəzifə təqdim olunmuşdur. Təqdim edilmiş vakant vəzifələrin 193-ü inzibati rəhbər vəzifələrə , 1430-u isə inzibati icraçı vəzifələrə aid olmuşdur.
2021-ci il ərzində DİM tərəfindən, ümumilikdə 4 ümumi müsahibə elanı verilmişdir. Elanlar çərçivəsində 30 dövlət orqanında mövcud olan 217 vakant inzibati dövlət qulluğu vəzifəsi ümumi müsahibəyə təqdim edilmişdir. Ümumi müsahibəyə ən çox vəzifə Qida Təhlükəsizliyi Agentliyi (51 vəzifə) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən (47 vəzifə) təqdim edilmiş, ən çox müraciət isə Qida Təhlükəsizliyi Agentliyi (117 müraciət) və Maliyyə Nazirliyi (117 müraciət) tərəfindən elana çıxarılmış vəzifələr üzrə qeydə alınmışdır.
Bir vəzifə üzrə müraciət sayına görə (müraciət sayı/vəzifə sayı) dövlət orqanları arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (11 müraciət) və Məhkəmə-Hüquq Şurası (11 müraciət) üzrə daha yüksək nəticə qeydə alınmışdır. Ümumi müsahibəyə çıxarılmış 217 vəzifədən 173-nə namizədlər tərəfindən müraciət edilmiş, 44 vəzifə üzrə isə müraciət edilməmişdir.
Daxili müsahibə dövlət orqanlarında olan vakant inzibati vəzifələrin, ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən və daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinə iddia edən şəxslər tərəfindən tutulması məqsədilə keçirilir.
2021-ci il ərzində 32 dövlət orqanı tərəfindən 420 vakant vəzifənin tutulması məqsədilə 41 daxili müsahibə elanı verilmişdir. Daxili müsahibələrdə bir vəzifə üzrə müraciət sayına görə mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə qeydə alınmışdır. Agentlik tərəfindən daxili müsahibəyə çıxarılmış 31 vəzifəyə 95 namizəd müraciət etmişdir.
2021-ci il ərzində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsahibələrin nəticəsinə yenidən baxılması üçün namizədlər tərəfindən vakant vəzifənin aid olduğu dövlət orqanlarında yaradılan apellyasiya şuralarına, ümumilikdə, 194 şikayət daxil olmuşdur. Apellyasiya şikayəti vermiş 70 namizədin şikayəti təmin edilmiş və namizədlər iddia etdikləri vəzifələrə uyğun bilinmişdir. Apellyasiya şuraları 23 vəzifə üzrə namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul etmiş, 101 vəzifə üzrə isə müsahibənin nəticəsi qüvvədə saxlanılmışdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibələrin keçirilməsi məqsədilə müsahibə komissiyası dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı tərəfindən həmin orqanın 1 nümayəndəsi, mərkəzin 1 nümayəndəsi və 1 müstəqil ekspert olmaqla 3 nəfərdən ibarət tərkibdə yaradılır.
Mərkəz müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil edir. Bu təlimlərdə iştirak etmiş və müstəqil ekspertlər bazasına daxil edilmiş ekspertlər müsahibə komissiyasının üzvü kimi müsahibələrdə iştirak edirlər.
Mərkəz tərəfindən müxtəlif ali təhsil müəssisələrində, qeyri-hökumət təşkilatlarında və digər ictimai birliklərdə çalışan müvafiq sahələr üzrə peşəkar kadrlar müəyyən edilmiş və müstəqil ekspert qismində müsahibələrdə iştirak üçün mərkəzin ekspert bazasına daxil edilmişlər. Bununla bərabər, mərkəzin ekspert bazasının təkmilləşdirilməsi məqsədilə mütəmadi işlər aparılır və müsahibəyə yeni ekspertlər cəlb edilir. 2021-ci il ərzində mərkəzin ekspert bazasına texniki və texnoloji, təhsil, humanitar və sosial, təbiət, kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşmış 6 yeni ekspert cəlb olunmuşdur.
Dövlət qulluğu sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, mövcud kadr potensialından səmərəli istifadə edilməsi məqsədilə müsabiqənin müsahibə mərhələsindən, ümumi və daxili müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin edilməmiş, dövlət orqanının ləğvi və dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər ehtiyat kadrlar siyahısına daxil edilirlər.
2021-ci ilin 31 dekabr tarixinə olan məlumata əsasən dövlət qulluğunun ehtiyat kadrlar siyahısında 815 vəzifə üzrə 686 şəxs vardır. Ehtiyat kadrların analoji vakant vəzifələrə təyinatları ilə bağlı Mərkəz tərəfindən mütəmadi iş aparılır. Dövlət orqanları tərəfindən “Dövlət qulluğu - Vəzifələrin İdarə Edilməsi Sistemi”nə daxil edilmiş məlumatlar, eyni zamanda, müsabiqə və ümumi müsahibəyə çıxarılması məqsədilə mərkəzə təqdim edilmiş vakant vəzifələr üzrə araşdırmalar aparılmış, ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslərin müsahibə elanına çıxarılmış və ya VİS vasitəsilə müəyyən edilmiş vakant analoji vəzifələrə təyinatları ilə bağlı müvafiq tədbirlər həyata keçirilmişdir. Dövlət orqanında müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilməmişdir.
Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə 2021-ci ildə mərkəz tərəfindən xüsusi proqram təminatı – “Ehtiyat Kadrların İdarə Edilməsi Sistemi” yaradılıb. Sistem vasitəsilə ehtiyat kadrlar barədə məlumatların təyinat məsələsinə baxılması üçün onlayn qaydada təqdim edilməsi, ehtiyat kadrların anket məlumatlarının tamlığı, düzgünlüyü və mütəmadi yenilənməsi, habelə onların vakant analoji vəzifələrə təyinatında operativlik təmin olunur.
2021 və 2022-ci ilin ilk altı ayı ərzində dövlət qulluğu sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə mərkəz tərəfindən müvafiq normativ və qeyri-normativ hüquqi aktların layihələri hazırlanmış, dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər verilmişdir.
Həmin layihələrə “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”, “Dövlət qulluqçusunun Karyera İnkişaf Planı”nın hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, “Azərbaycan Respublikasında dövlət qulluqçuları üçün Təlim Strategiyası (2022-2025-ci illər)"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, “Dövlət orqanlarının kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində illik iş planlarının və həmin planlara əsasən illik hesabatların tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, “Dövlət orqanlarının kadr qurumları haqqında Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, habelə qüvvədə olan qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı müxtəlif layihələr aiddir.
Dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması sahəsində görülən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2022-2025-ci illər üzrə Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir.
Mərkəz tərəfindən “Azərbaycan Respublikasında dövlət qulluqçuları üçün Təlim Strategiyası (2022-2025-ci illər)" layihəsi hazırlanmışdır. Təlim strategiyası dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsini, dövlət qulluğunun, dövlət orqanlarının və dövlət qulluqçularının təlim tələbatlarını hərtərəfli ödəyən peşəkar və davamlı təlim sisteminin formalaşdırılması yolu ilə dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasını nəzərdə tutur.
Təlim strategiyası hazırlanarkən dövlət qulluqçularının təlimi sahəsində mövcud vəziyyət təhlil edilmişdir. Təhlil dövlət qulluqçuları üçün təşkil edilən təlimlərin nəticələri, “Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində yerli ekspert tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin ekspertizasının nəticələrinə dair yekun hesabat nəzərə alınmaqla aparılmışdır.
Dövlət qulluğunda hüquqi tənzimlə-mənin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsi”nin layihəsi hazırlanmışdır. Məcəllə layihəsi təkliflərin təqdim edilməsi üçün mərkəzi icra hakimiyyəti orqanlarına, habelə Milli Məclisə, Hesablama Palatasına, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməsinə, Apellyasiya məhkəmələrinə, Baş Prokurorluğa, İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatına, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. Qeyd edilən qurumlardan təqdim olunan təkliflər öyrənilmiş. yenidən işlənilmiş və Nazirlər Kabinetinə təqdim edilmişdir.
“Məcəllə” layihəsində dövlət qulluğu münasibətlərini tənzimləyən müxtəlif normativ hüquqi aktlar sistemləşdirilərək yenidən işlənmiş və beynəlxalq təcrübə nəzərə alınaraq, yeni müddəalar həmin məcəllə layihəsinə əlavə edilmişdir. Məcəllə layihəsinə dair beynəlxalq ekspertlərin rəyi nəzərə alınmışdır. “Məcəllə” layihəsi 7 bölmə, 26 fəsil, 147 maddədən ibarətdir. Layihədə dövlət qulluğu münasibətlərini tənzimləyən bir çox yeni müddəalar öz əksini tapmışdır. Belə ki, dövlət qulluğuna dair əsas anlayışlar, vahid dövlət qulluğu sistemi, dövlət qulluğunun prinsipləri, ixtisas dərəcəsinin verilməsi, dövlət qulluğuna qəbul, səriştə sisteminin tətbiqi, dövlət qulluğu vəzifələlərinin tutulmasının ümumi şərtləri, xidməti fəaliyyətin qiymətləndirilməsi, qiymətləndirilmə nəticəsində tətbiq edilən tədbirlər, intizam tənbehi tədbirlərinin tətbiqinə əsaslar, dövlət qulluqçusunun maddi məsulliyyəti, həvəsləndirmə növləri və formaları, dövlət qulluğundan kənar edilmə halları və qaydaları, onun rəsmiləşdirilməsi təkmilləşdirilmişdir. Bununla yanaşı, ehtiyat kadrların idarə edilməsi, ehtiyat kadrlar siyahısından çıxarılma, dövlət qulluğuna xitam verilmə əsasları və qaydaları, dövlət qulluğuna xitam verilərkən təminatlar, dövlət qulluqçusunun pensiya təminatı, dövlət qulluqçusu ilə bağlanılan əmək müqavilələrinin və əmrlərin sənədləşdirilməsinin uçotu qaydaları, dövlət qulluqçusunun qulluq şəraiti, dövlət qulluqçusunun əlavə təhsili, dövlət qulluğunda etik qaydalar, həmin qaydalara nəzarət, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət və s. məsələlər yenidən işlənilmişdir. Həmin məsələləri tənzimləyən yeni müddəalar da yaradılmış, mövcud normalar təhlil edilərək daha da təkmilləşdirilmişdir.
Dövlət qulluğunun prinsiplərinə edilmiş dəyişikliyə əsasən, dövlət qulluqçusunun fəaliyyətinin effektivliyi, şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni maraqlarının dövlət orqanlarının fəaliyyət istiqamətləri və vəzifələri, dövlət qulluqçularının qulluq funksiyaları üzərində prioritetliyi yeni prinsiplər kimi müəyyən edilmişdir.
Dövlət qulluqçusunun qulluq stajı dövrləri dəqiqləşdirilmiş, vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsi əsasları, ixtisas dərəcəsinin aşağı salınması və ixtisas dərəcəsindən məhrum edilmə əsasları tənzimlənmişdir. İxtisas dərəcəsinin verilməsi üçün nəzərə alınan qulluq stajına təhsil, hamiləliyə və doğuşa görə məzuniyyət müddətlərinin daxil edilib-edilməməsi məsələsi qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Məcəllə layihəsi ilə qeyd edilən məsələlər tənzimlənmişdir.
İqdisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planına (İFP) uyğun olaraq Azərbaycan Respublikasına verilmiş tövsiyələrdən biri yuxarı və ali səviyyəli dövlət qulluqçularının işə qəbulu sisteminin şəffaf və xidmətə görə olan əsaslarla qurulması ilə bağlıdır. Qeyd edilənlərə əsasən, dövlət qulluğuna qəbulun ümumi qaydası yenidən işlənilmiş, inzibati vəzifələrin daha yuxarı təsnifatla və yerli icra hakimiyyəti orqanlarına dövlət qulluğuna qəbulun şəffaflıq və bərabərlik prinsiplərinə əsaslanaraq sistemli qaydada həyata keçirilməsini təmin etmək məqsədilə yeni müddəalar “Məcəllə” layihəsinə əlavə edilmişdir
Mərkəz tərəfindən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 31 may 2021-ci il tarixli 340-VIQD nömrəli Azərbaycan Respublikası Qanununun layihəsi hazırlanmışdır.
Layihədə dövlət qulluğunun xüsusi növündə olan xüsusi, hərbi və ya diplomatik rütbələrin dövlət qulluğunun ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması, habelə dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin onun dövlət qulluğu stajına və dövlət qulluğu stajının onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi, dövlət orqanının rəhbəri tərəfindən müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından seçim zamanı subyektivliyin qarşısını almaq məqsədilə daha yüksək nəticə əldə etmiş namizədlərə üstünlük verilməsi öz əksini tapıb. Bununla yanaşı, dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslərin ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında keçirilən daxili müsahibədə iştirak edə bilməsi, dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslərin, dövlət orqanlarında (qurumlarında) siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslərin müsabiqənin test imtahanı mərhələsində iştirak etmədən müsabiqə üzrə müsahibədə, habelə umumi müsahibədə iştirak edə bilməsi kimi əhəmiyyətli müddəalar da nəzərdə tutulmuşdur.
Dövlət qulluqçularının və vətəndaşların maarifləndirilməsi məqsədilə “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibənin keçirilməsi qaydaları” mövzusunda Bakı Şəhəri Nizami Rayon Məhkəməsi, Dövlət Turizm Agentliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Prokurorluq, Energetika Nazirliyi, Gəncə Kommersiya Məhkəməsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şirvan Apellyasiya Məhkəməsi əməkdaşları üçün təlimlər keçirilmişdir. Təlimlərdə, ümumilikdə 9 qurumu təmsil edən 38 əməkdaş iştirak etmişdir.
“Dövlət qulluğunda problemlər və çağırışlar” mövzusunda təşkil olunan təlimdə 70 nəfər iştirak etmişdir. “Dövlət qulluğunda ehtiyat kadrların idarə edilməsi” mövzusunda təlim keçirilmiş və 70 nəfərə yaxın dövlət qulluqçusu həmin təlimdə iştirak etmişdir. “Dövlət qulluğuna dair qanunvericiliyə edilmiş dəyişikliklər və onların tətbiqi məsələləri” mövzusunda dövlət orqanlarının və onların tabeliyində olan təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə, ümumilikdə, 148 nəfər dövlət qulluqçusu iştirak etmişdir.
“Dövlət qulluğunda gender bərabərliyi” mövzusunda 29 mərkəzi icra hakimiyyəti orqanının, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarının əməkdaşları üçün keçirilən təlimlərdə ümumilikdə, 66 nəfər iştirak etmişdir. “Dövlət idarəçiliyində gender bərabərliyi” mövzusunda Bakı şəhərində və regionlarda yerləşən ali təhsil müəssisələrinin əməkdaşları üçün təşkil olunan təlimlərdə 44 ali təhsil müəssisəsi üzrə 71 nəfər şəxs iştirak etmişdir.
“Dövlət Qulluğuna Qəbul üzrə Hazırlıq Proqramı” çərçivəsində “Dövlət qulluğuna dair qanunvericilik” mövzusunda oktyabr-noyabr aylarında ADA Universitetinin məzunları və sonuncu kurs tələbələri üçün təşkil olunan təlim kursunda 25 nəfər şəxs iştirak etmişdir.
“Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda dövlət orqanlarının nümayəndələri, o cümlədən rəhbər vəzifələrdə qulluq keçən dövlət qulluqçuları üçün keçirilən təlimdə 67 nəfər dövlət qulluqçusu iştirak etmişdir.
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası” mövzusunda Xarici İşlər Nazirliyində inzibati vəzifə tutan dövlət qulluqçuları və diplomatik nümayəndəliklərin əməkdaşları üçün keçirilən təlimdən ümumilikdə 86 diplomatik nümayəndəliyin 1000-ə yaxın əməkdaşı yararlanmışdır.
Cari il ərzində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” elmi vəsaiti nəşr edilmişdir. Vəsait dövlət qulluğu sistemində gender bərabərliyi prinsipinin təmin edilməsi və dövlət qulluqçularının peşəkarlığının artırılması məqsədilə tərtib edilmişdir.
Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşan şəxslərə mərkəzin rəsmi internet səhifəsi üzərindən imtahan proqramları, imtahan modeli, imtahanın məzmunu, qanunvericilik aktları və digər zəruri materiallar təqdim olunmuşdur. Eyni zamanda, rəsmi internet səhifəsində qanunvericilikdə baş verən dəyişikliklər nəzərə alınmaqla bəzi materiallar yenilənmiş və müəyyən materiallar əlavə edilmişdir.
Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə qanun, fərman, sərəncam və qərar layihələri hazırlanmışdır.
Mərkəz 2021-ci il ərzində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) proqramının “Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik” adlı I Platforması çərçivəsində Dövlət İdarəçiliyi İslahatları pfəaliyyətini davam etdirmişdir.
Eyni zamanda, “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.4. Dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək vermək məqsədilə Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT/OECD) SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə dövlət qulluğunda "Səriştə modelinin təsdiqlənməsi" üzrə pilot layihəni davam etdirmişdir. Bununla yanaşı, Mərkəz Avropa İttifaqı və İƏİT ilə birgə SIGMA proqramı çərçivəsində “Dövlət qurumlarında daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi davam etdirilmişdir.
Layihənin məqsədi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın “5.1. Dövlət qulluğunda institusional islahatların həyata keçirilməsi” istiqamətində fəaliyyətin təşkili, dövlət qurumlarında idarəçiliyin inkişaf etdirilməsi və daxili nəzarət funksiyalarını yerinə yetirən struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması məqsədilə daxili nəzarətin həyata keçirilməsi üçün zəruri olan metod və alətlərin təqdim edilməsidir.
DİM ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq, öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa, Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliliyin artırılması, dövlət qulluqçularının inkişafı və yüksək motivasiyasını təmin etmək üçün bütün imkan və bacarıqlarından istifadə etməyə davam edəcəkdir.
Bir daha qarşıdan gələn peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edir, onlara cansağlığı, ruhyüksəkliyi və yeni nailiyyətlər arzu edirəm!
Məleykə ABBASZADƏ,
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri