Elan üzrə 27 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 699 (A növü üzrə 88 vəzifə, B növü üzrə 611 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 819 namizədlə 2199 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin Qeydiyyat və sahibkarlarla iş sektorunda məsləhətçi (13 vakant yer üzrə 140 namizəd) və böyük məsləhətçi (1 vakant yer üzrə 81 namizəd), Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 12 saylı Xəzinədarlıq idarəsində aparıcı məsləhətçi-mühasib (1 vakant yer üzrə 77 namizəd) vəzifələri üzrə qeydə alınmışdır.
Müsahibələrin 18 mart - 13 iyun 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.