22 may 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir. Bu gün III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan keçirilir.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunur.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda 98 imtahan binası, 1715 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 280 imtahan rəhbəri, 2138 nəzarətçi–müəllim, 240 buraxılış rejimi əməkdaşı, 98 bina nümayəndəsi ayrılıb.
İmtahanda 22878 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20725 nəfər Azərbaycan, 2153 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 13648 nəfəri oğlan, 9230 nəfəri isə qızdır. 19068 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3293 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 87 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2006-cı ildəndir.
İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 24 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.