Namizədlər ilk növbədə DİM-in saytında “Şəxsi kabinet” açmalı və verilən linkə daxil olaraq 20 dekabr 2022-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün müraciət edən şəxslər aşağıdakı tələblərə cavab verməlidirlər:
- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- Ali və ya pedaqoji profilli ixtisaslar üzrə orta ixtisas təhsilinə malik olmalıdır;
- Tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hər hansı bir təşkilatda işləməlidir (dövlət qulluğu sertifikatı əldə edən və pedaqoji profilli ixtisaslar üzrə bakalavr və ya subbakalavr peşə-ixtisas dərəcəsinə malik olan şəxslərdən iş yeri tələb olunmur);
- Yaşı 22-45 arası olmalıdır;
- Fiziki cəhətdən sağlam olmalıdır;
- Məhkumluğu olmamalıdır.
Namizədlərin qeydiyyatdan keçdikdən bir neçə gün sonra elektron poçt ünvanı və ya mobil nömrələrinə müsahibəyə qeydiyyatla bağlı bildiriş göndərilir. Namizədlər elektron anketə daxil olaraq müsahibə günü, vaxtını seçir və aşağıdakı sənədləri təqdim etməklə müsahibədə iştirak edirlər:
- Elektron sistemə daxil etdiyi anket;
- Şəxsiyyət vəsiqəsi;
- Təhsil haqqında sənədin əsli (diplom);
- İş yeri haqqında arayış (olduğu təqdirdə);
- Məhkumluq barədə arayış;
- Dövlət qulluğu sertifikatı olan şəxslər müvafiq sertifikatı.
Müsahibə mərhələsində namizədin sənədləri yoxlanılır, eləcə də təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatları dəqiqləşdirilir. Müsahibənin nəticəsi məqbul olduqda namizədə ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvətlə bağlı bildiriş göndərilir. Elektron anketə daxil olaraq test imtahanının vaxtını, yerini seçir və imtahanda iştirak edir. İntellekt səviyyəsini yoxlayan test imtahanından ən azı 40% nəticə göstərən və psixometrik testin nəticəsi məqbul olan namizədlər növbəti mərhələyə buraxılır və təlimlərə cəlb edilir. Təlimlərə qeydiyyat elektron qaydada aparılır. Namizəd elektron poçt ünvanı və ya mobil nömrəsinə bildiriş gəldikdən sonra elektron anketinə daxil olaraq təlimin vaxtı və yerini seçir. Təlimlər iki gün ərzində keçirilir. Namizəd təlimləri uğurla başa vurduqdan sonra ona imtahanların texnologiyası və prosedur qaydalarına dair test imtahanına dəvət üçün bildiriş göndərilir. Elektron anketə daxil olaraq test imtahanının vaxtını, yerini seçir və imtahanda iştirak edir. Bu imtahandan ən az 60% müsbət nəticə göstərən namizədlərin nəticəsi məqbul hesab olunur və Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına daxil edilir. Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyənin yoxlanılması üçün ilkin test imtahanından əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair test imtahanından topladığı balın 60 %-i toplanır. Yekunda yalnız ən az 60%-lik nəticə göstərən namizədlər zal nəzarətçisi sertifikatı əldə edirlər.
İmtahanlara təyinat zamanı fəaliyyəti sertifikatlaşdırılmış zal nəzarətçilərinə üstünlük verilir.
Qeyd edək ki, zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması prosesində ümumi intellekt səviyyəsini yoxlayan test imtahanı və təlimlər mərhələsi ödənişlidir.
Elektron qeydiyyatla bağlı suallarınız yaranarsa, n.kazimov@dim.gov.az ünvanına yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları