18 iyul 2025-ci il tarixində Qırğız Respublikasının İssık-Kul bölgəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin insan resursları sahəsində səlahiyyətli qurum rəhbərlərinin IV iclası keçirilib. Tədbirə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Qulluğu və Yerli Özünüidarəetmə Məsələləri üzrə Dövlət Agentliyi ev sahibliyi edib.
Üzv ölkələrin müvafiq qurumlarının nümayəndələrini bir araya gətirən bu tədbir dövlət qulluğu, liderlik və dayanıqlı inkişaf sahəsində mühüm təşəbbüslərin müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynayır.
Tədbirdə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyev, Qırğız Respublikasının Nazirlər Kabineti yanında Dövlət Qulluğu və Yerli Özünüidarəetmə Məsələləri üzrə Dövlət Agentliyinin direktoru Kudaibergen Bazarbaev və təşkilata üzv digər ölkələrin insan resursları sahəsində səlahiyyətli qurumlarının və idarəçilik akademiyalarının rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Dövlət İmtahan Mərkəzini tədbirdə mərkəzin İdarə Heyəti sədrinin müavini Bəhrəm Xəlilov təmsil edib. O, “Dövlət qulluğu sahəsində təlim: liderlik və dayanıqlı inkişaf” mövzusunda çıxış edib, dövlət qulluqçularının peşəkar inkişafı sahəsində ölkəmizin təcrübəsindən, innovativ yanaşmaların tətbiqindən və beynəlxalq standartlara uyğunluğun vacibliyindən bəhs edib. B.Xəlilov öz çıxışında həmçinin əməkdaşlıq etmək üçün prioritet sahələri qeyd edib və gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi üçün onlayn iclasların keçirilməsini təklif edib.