Pearson PLC – 1897-ci ildə yaranmış Britaniyanın iri nəşr və təhsil şirkətidir. Şirkətin bir qolu olan Pearson Education – məktəblərə, korporasiyalara, institutlara və ya bir başa tələbələrə nəşr və qiymətləndirmə xidməti göstərən təşkilatdır. Addison-Wesley, Peachpit, Prentice Hall, eCollege, Longman, Poptropica, Scott Foresman kimi iri media brendləri Pearson-a məxsusdur.
Satışlarının 60%-ni Şimali Amerikada həyata keçirdiyinə baxmayaraq, Pearson 70-dən çox ölkədə fəaliyyət göstərir. Pearson International Londonda yerləşir və Avropa, Asiya, Cənubi Amerika üzrə ofislərə nəzarət edir.
Biznes və Texnologiya üzrə Təhsil Şurası (BTEC - Business and Technology Education Council) – karyera üzərində qurulmuş kvalifikasiyadır. Onun məqsədi təhsil alanlara ali təhsil pilləsinə birbaşa keçidi təmin edən və ya iş yerində inkişafa xidmət edən bacarıqları aşılamaqdır.
Məktəbdə və ya kollecdə akademik təhsillə birgə (və ya gələcək təhsil üçün müstəqil bir kurs kimi) BTEC tələbələrə seçdikləri karyera və inkişaf üçün bir sıra praktiki təlim və bacarıqları işləyib hazırlayır.
PearsonVUE Pearson şirkətinin hissəsi olaraq praktiki testləri ən təhlükəsiz şəraitdə, habelə onlayn imtahanlar keçirən və test sahəsində fəaliyyət göstərən şirkətlər arasında lider sayılır.
PearsonVUE biznesini son texnologiya ilə qurmuş və bu, imtahanları təhlükəsiz aparmağa, müştərilərinə və bütün dünyadakı namizədlərə yüksək səviyyədə xidmət etməyə imkan verir.
PearsonVUE-nun baş ofisi Minnesota ştatı Minneapolis şəhərinin ətrafında, regional ofisləri isə ABŞ, Böyük Britaniya, Dubay, Avstraliya, Hindistan, Yaponiya və Çində yerləşir. Hər il 14 milyondan artıq nəfər bütün dünyada PearsonVUE ilə imtahan verir. PearsonVUE testi zamanı hamı öz bacarıqlarını, biliklərini və öhdəliklərini nümayiş etdirir. Dünyada 450-dən çox ixtisas sahibi öz test proqramlarını inkişaf etdirmək, idarə etmək, çatdırmaq və yaxşılaşdırmaq üçün PearsonVUE-nu seçir.
25 aprel 2017-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə “Pearson” PLC təşkilatının nümayəndəsi Mark Couchman arasında görüş keçirilmişdir. Görüş zamanı tərəflər arasında ingilis dili üzrə biliklərin qiymətləndirilməsi və müxtəlif peşə sahiblərinin sertifikasiyasının aparılması üzrə əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Müzakirələrin sonunda ingilis dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi sahəsində beynəlxalq imtahanların keçirilməsi, eləcə də müxtəlif peşə sahiblərinin müvafiq kurslara cəlb olunmaqla beynəlxalq standartlara uyğun sertifikasiyasının keçirilməsi layihələrinin hazırlanması barədə razılıq əldə edilmişdir.
Qeyd olunan layihələrin həyata keçirilməsi üçün tərəflər adından Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və “Pearson” təşkilatının nümayəndəsi Mark Couchman Niyyət Məktubu imzalamışdır.