Dövlət İmtahan Mərkəzində (DİM) buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Kurslarda Bakı şəhərindən 112, regionlardan (Naxçıvan, Gəncə, Şəki, Şirvan, Şəmkir, Göyçay, Bərdə, Lənkəran, Xaçmaz) isə 36 nəfər iştirak edib. Bakı şəhəri üzrə qeydiyyatdan keçənlər hazırlıq kurslarında əyani, bölgələrdən qeydiyyatdan keçənlər isə “ZOOM” platforması üzərindən onlayn formada iştirak ediblər.
Hazırlıq kursları üç mərhələdən ibarət olub. Birinci mərhələdə (nəzəri hissə) iştirakçılara müvafiq fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq (cavabı kodlaşdırılan və yazı ilə ifadə olunan) tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilib.
İkinci mərhələdə (praktik hissə) iştirakçılar əldə etdikləri nəzəri biliklər əsasında ev tapşırıqlarını yerinə yetiriblər. İştirakçılar tərəfindən hazırlanmış tapşırıqların hər biri müvafiq fənn kurikulumunun təlim nəticələri və altstandartların tələbləri baxımından tipinə, relevantlıq kateqoriyalarına və mürəkkəblik dərəcəsinə görə təhlil edilib. Bu mərhələdə məqsəd iştirakçıların həm müəllif, həm də ekspert kimi formalaşmasıdır.
Üçüncü mərhələ (kalibrləmə) cavabı yazı ilə ifadə edilən tapşırıqların yoxlanılması prosesidir. Qeyd edilən hazırlıq kurslarının Bakı şəhərindən olan iştirakçıları kalibrləmə prosesindən Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda, bölgələrdən olanlar isə yaşadıqları əraziyə yaxın olan DİM-in regional bölmələrində keçiblər. Kalibrləmə prosesindən keçmiş müdavimlərə sertifikat təqdim ediləcək və onların şəxsi məlumatları “Elektron baza”ya daxil ediləcək. Sonda müdavimlər müvafiq fənn üzrə yoxlama imtahanı verəcəklər. İmtahan nəticələrinə əsasən, uğur qazananlar DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.
Hazırda Azərbaycan dili, rus dili, ingilis dili və informatika fənləri üzrə növbəti hazırlıq kurslarına qeydiyyat (https://eservices.dim.gov.az/markers/registerenter.aspx) davam edir.