12 noyabr tarixində fizika və rus dili fənlərindən seminarlar keçirilib. Fizika fənnindən seminarda I və IV ixtisas qrupları üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Rus dili fənnindən seminarda isə tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələrinə baxılıb və test bloku üçün lazım olan tapşırıqların seçimi yekunlaşıb. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
13 noyabr tarixində biologiya fənnindən seminarda IV ixtisas qrupu üzrə imtahan modelinə uyğun, tarix fənnindən seminarda isə II və III ixtisas qrupları üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Hər bir tapşırığın məzmununun dərsliklərlə uyğunluğu yoxlanılıb və onların aid olduğu bölmə və mürəkkəblik dərəcəsi müəyyən edilib. Tələblərə uyğun gələn tapşırıqlar qəbul edilib.
14 noyabr tarixində coğrafiya fənnindən seminarda II və III (TC altqrupu) ixtisas qrupları üzrə, imtahan modelinə uyğun, riyaziyyat fənnindən seminarda isə I ixtisas qrupu üzrə imtahan modelinə uyğun tapşırıq nümunələrinə baxılıb. Bir neçə tapşırığın məzmununun dərsliklərlə uyğunluğu yoxlanılıb və onların aid olduğu bölmə və mürəkkəblik dərəcəsi müəyyən edilib.
Müzakirələrdə təsdiq edilmiş tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının xüsusi buraxılışında, ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri isə “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcəkdir.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: fizika fənni üzrə Bərdə rayonu 6 nömrəli tam orta məktəbin müəllimi Həmidova Aygün, biologiya fənni üzrə Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Zeynalabdinova Almaz, Kəlbəcər rayonu 11 nömrəli məktəbin müəllimi Şirinova Şəfa, tarix fənni üzrə Gəncə şəhəri M.C. Paşayev adına 39 N-li tam orta məktəbin müəllimi Quliyev Ramin, Goranboy rayonu Borsunlu kənd 2 nömrəli tam orta məktəbin müəllimi Hümbətov Bəhruz, Astara şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Məlikzadə Gülnar, coğrafiya fənni üzrə Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Quliyeva Rəna, Bərdə rayonu Bəcirəvan kənd tam orta məktəbinin müəllimi Əmiraslanov Ramin, riyaziyyat fənni üzrə Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Qəhrəmanova Xəyalə, Bərdə şəhəri 2 nömrəli tam orta məktəbin müəllimi Bayramova Aytən müzakirələrdə aktiv iştirak edib, müzakirə edilən məsələlər baradə öz fikirlərini bildiriblər.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.