Dövlət İmtahan Mərkəzində Azərbaycan dili (tədris dili), xarici dillər, Azərbaycan dili (dövlət dili) və informatika fənləri üzrə seminarlarda aşağıdakı gündəlik məsələlər müzakirə olunub:
1.İş planının təsdiqi;
2.Proqramların müzakirəsi.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər.
Azərbaycan dili (tədris dili) və informatika fənləri üzrə seminarlarda Afiqə Batıyeva iştirakçıları salamlayaraq iş planı haqqında ətraflı məlumat verib. O qeyd edib ki, seminarlarda birinci vacib məsələ proqramların müzakirəsi və təsdiqidir. Müvafiq fənn kurikulumlarının təlim nəticələrinə və məzmun standartlarının tələblərinə uyğun hazırlanmış proqramlar hələ sentyabr ayından layihə şəklində DİM-in internet səhifəsində yerləşdirilib. Proqramların əsas ədəbiyyat siyahısında dərsliklər göstərilib. Çünki imtahan materialları yalnız dərsliklərə əsaslanır. Əlavə ədəbiyyat siyahısında isə imtahanlara hazırlaşmaq üçün köməkçi materiallar öz əksini tapıb.
Xarici dillər və Azərbaycan dili (dövlət dili) fənləri üzrə seminarlarda şöbə müdiri Könül Hacıyeva buraxılış imtahanları üçün proqramların, imtahan modelinə uyğunlaşdırılmış mətnlərin və test tapşırıqlarının abituriyentlər və müəllimlər üçün istinad mənbəsi olduğunu vurğulayıb.
Azərbaycan dili (tədris dili) fənnindən seminar rəhbəri akademik Muxtar İmanov ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının, informatika fənnindən isə seminar rəhbəri f.-r.e.n. İsmayıl Qafarov I ixtisas (Rİ altqrupu) qrupu üzrə qəbul proqramının məzmununa, mahiyyətinə dair çıxış ediblər.
İngilis dili fənnindən kurator İlahə Nəbizadə, Azərbaycan dili (dövlət dili) fənnindən isə kurator Aysel Xanəliyeva ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramları müzakirəyə təqdim ediblər.
Seminarlarda iştirak edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları Günel Cəfərli, Fazilə Məhərrəmli və Nərmin Xankişiyeva və müvafiq fənn kurikulumlarının yeni məzmunu barədə iştirakçılara məlumat veriblər.
Qeyd edilən fənlər üzrə seminarlarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr nəticəsində proqramlarda redaktə xarakterli düzəlişlər edilib. Növbəti seminarlarda müzakirələr davam etdiriləcəkdir.