Elan üzrə 66 dövlət orqanında mövcud olan 152 vakant vəzifə daxili müsahibəyə çıxarılmışdır. Elana çıxarılan vəzifələr üzrə namizədlərlə 388 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, ASAN xidmət mərkəzləri, 2 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektoru, mərkəzi icra hakimiyyəti orqanı tabeliyində olan orqanın rəhbərinin müavini - sektor müdiri (1 vakant yer üzrə 50 namizəd), Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Dövlət Statistika Komitəsinin Aparatı, Daxili ticarət və xidmət statistikası şöbəsi, Turizm və iaşə statistikası sektoru, baş məsləhətçi (1 vakant yer üzrə 35 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin 12 noyabr 2026-ci il – 27 yanvar 2027-ci il tarixlərində keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.