Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənnindən buraxılış və qəbul imtahanlarında, informatika fənni üzrə isə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Azərbaycan dili fənni üzrə moderator Saməddin İbrahimov kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib.
İnformatika fənni üzrə isə moderator Anar Rəşidov müvafiq fənn kurikulumu əsasında tapşırıqların hazırlanması və onların formaları ilə bağlı təqdimatla çıxış edib.
Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının növbəti məşğələləri 27 mart 2023-cü il tarixində keçiriləcək.