DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramova, Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov və Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları İdarəsi tərəfindən keçirilən II İstanbul İnsan Resursları Forumunda iştirak ediblər.
14 dekabr tarixində Forum çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda Türk Dünyası İnsan Resurslarının İnkişafı İnstitutunun yaradılması və birgə təlim və inkişaf fəaliyyəti istiqamətlərində fikir mübadiləsi aparılıb. Hər bir üzv qurum Türk Dövlətləri Təşkilatının 2024-cü il planları və insan resursları sahəsində əməkdaşlığa dair yol xəritəsi ilə bağlı öz fikir və təkliflərini bildirib.
15 dekabr tarixində “Cəmiyyət 5.0” (İnsan Mərkəzli Cəmiyyət) mövzusunda keçirilən Forum Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın açılış nitqi ilə başlayıb. Tədbirdə dövlət qurumları, özəl sektor təşkilatları, yerli hökumətlər və akademik ictimaiyyətdən insan resursları üzrə mütəxəssislərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Türkiyə Respublikası Prezidentinin Administrasiyasının İnsan Resursları İdarəsi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi arasında rəqəmsal təhsil platformaları vasitəsilə təhsil sahəsində bərabər imkanlar təmin etmək, dövlət qulluqçularının və dövlət qurumlarında çalışan digər işçilərin bilik, bacarıq və səriştələrini artırmaq məqsədilə Anlaşma Memorandumunun imzalanması barədə razılığa gəlinib.