Seminarlarda gündəlik məsələlər aşağıdakılar olub:
- İş planının təsdiqi;
- Proqramların müzakirəsi.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlarda Afiqə Batıyeva seminarın iş planına daxil olan məsələlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, proqramların sentyabr ayından DİM-in internet saytında yerləşdirilməsinə baxmayaraq, proqramları bir daha nəzərdən keçirmək, müzakirə etmək lazımdır. Çünki proqramlar seminarlarda təsdiq edilməlidir. Daha sonra o imtahanlarda istifadəsi nəzərdə tutulan test blokları haqqında məlumat verib.
Fizika fənni üzrə seminarın rəhbəri professor Müsavər Musayev I və IV ixtisas qrupları üçün, rus dili (tədris dili) fənni üzrə seminarın rəhbəri Viktoriya Ələkbərova isə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarını müzakirəyə təqdim ediblər.
Proqramların müzakirəsində seminar iştirakçıları bir sıra təkliflər veriblər. Müzakirələr nəticəsində iştirakçılar tərəfindən qeyd edilən təkliflər nəzərə alınaraq müəyyən redaktə xarakterli düzəlişlər edilib.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş fizika fənni üzrə Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Həlimə, Babək rayonu Hacıvar kənd tam orta məktəbin müəllimi Məmmədova Fatma və Göyçay şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Əhmədova Xatirə müzakirələrdə fəal iştirak ediblər, müzakirə edilən məsələlər barədə öz fikirlərini bildiriblər.
Növbəti həftə seminarlar öz işini davam etdirəcək.