15 dekabr tarixində Azərbaycan dili fənni üzrə seminarda 25 may 2025-ci il tarixində III ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, informatika fənni üzrə seminarda 1 iyun 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 16 dekabr tarixində kimya fənni üzrə seminarda 1 iyun 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, 17 dekabr tarixində fizika fənni üzrə seminarda 1 iyun 2025-ci il tarixində I və IV ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, 18 dekabr tarixində biologiya fənni üzrə seminarda 1 iyun 2025-ci il tarixində IV ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının, tarix fənni üzrə seminarda isə 25 may 2025-ci il tarixində II və III ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, 19 dekabr tarixində coğrafiya fənni üzrə seminarda 25 may 2025-ci il tarixində II və III (TC altqrupu) ixtisas qrupları üçün keçirilmiş qəbul imtahanlarında istifadə edilmiş test tapşırıqlarının, riyaziyyat fənni üzrə seminarda isə 1 iyun 2025-ci il tarixində I ixtisas qrupu üçün keçirilmiş qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının müzakirəsi həyata keçirilib. Hər bir tapşırıq müvafiq fənn kurikulumunun təlim nəticələri, məzmun standartlarının tələbləri nəzərə alınmaqla mövzu, məzmun, mürəkkəblik dərəcəsi və relevantlıq kateqoriyası baxımından müzakirə edilib.
17 dekabr tarixində rus dili (tədris dili) fənni üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə imtahan materiallarının hazırlanmasında istifadə edilən metodik göstərişlər (xidməti istifadə üçün) kitabçasının müzakirəsi aparılıb.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutlarının müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri (Naxçıvan, Gəncə, Şirvan, Lənkəran, Şəki, Bərdə, Xaçmaz, Şəmkir, Göyçay) ilə onlayn bağlantı vasitəsilə həmin bölgələrdəki müəllimlər də müzakirələrə qoşulublar.
Seminarlara DİM-in regional bölmələrindən onlayn rejimdə qoşulmuş müəllimlər: Azərbaycan dili fənni üzrə Şəki rayonu Kiş kənd tam orta məktəbinin müəllimi Davudov Bəhruz, kimya fənni üzrə Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəbin müəllimi Bağırova Samirə, fizika fənni üzrə Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəbin müəllimi Həsənli Həcər, Şəki rayonu Baş Zəyzid kənd tam orta məktəbin müəllimi Həmidov İbrahim, coğrafiya fənni üzrə Naxçıvan şəhəri 14 nömrəli tam orta məktəbin müəllimi Seyidova Aynur, riyaziyyat fənni üzrə Gəncə şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Əhmədov Şükür müzakirələrdə aktiv iştirak edib və müzakirə edilən məsələlər barədə öz fikirlərini bildiriblər.
Müzakirələr nəticəsində bildirilmiş qeyd və təkliflər müvafiq fənn üzrə test bankının təkmilləşdirilməsində nəzərə alınacaqdır.
Müzakirələr növbəti həftə davam etdiriləcəkdir.