Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə qəbul, riyaziyyat fənni üzrə isə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının dördüncü məşğələləri keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Moderatorlar – tarix fənni üzrə Hafiz Cabbarov, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarlarının hazırlanmasına verilən tələblərlə bağlı təqdimatla çıxış ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarında nəzəri materialların təqdimatına həsr olunmuş birinci mərhələ başa çatıb və kurs iştirakçılarına ev tapşırığı verilib.
Hazırlıq kurslarının beşinci məşğələləri 23 noyabr 2023-cü ildə keçiriləcək.