Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva kurs iştirakçılarını salamlayaraq, hazırkı dövrdə xalqımızın zəfər dolu tarixi anlar yaşadığını onların diqqətinə çatdırdı. O qeyd etdi ki, bu tarixi anları bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusuna, qazilərə və şəhidlərə borcluyuq. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bir dəqiqəlik sükut bitdikdən sonra A. Batıyeva çıxışına davam etdi:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də öz prezidentlik fəaliyyətinin 20-ci ilində, həmçinin ümummilli liderin anadan olmasının 100-cü ildönümündə Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması xalqımıza çox böyük fəxarət hissi verir. Bu zəfərin qazanılması üçün ən vacib amil xalqın daim Ali Baş Komandan İlham Əliyevin yanında olmasıdır. Düz 20 il əvvəl cənab İlham Əliyev xalqın yüksək etimadını qazanaraq prezident vəzifəsinə seçilmişdir. Bu illər ərzində cənab Prezident həmişə xalqın yanında olmuşdur. Xalq, ordu və iqtidar vəhdətinin məntiqi nəticəsi olaraq bu gün artıq Qarabağ azaddır! Xankəndi səmasında Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır!
Daha sonra A. Batıyeva hazırlıq kursunun məqsədi haqqında çıxış edib. O qeyd edib ki, hazırlıq kursları üç mərhələyə bölünür. Birinci mərhələdə iştirakçılara nəzəri material – fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilir. İkinci mərhələ praktiki məşğələlərdən ibarətdir. Bu mərhələdə iştirakçılar ev tapşırığı yerinə yetirirlər. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Üçüncü mərhələ cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM‑in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə DİM-in yaşadığı əraziyə yaxın regional bölməsində keçirlər.
Sonra kimya fənni üzrə moderator – Elşad Abdullayev müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.