Dövlət İmtahan Mərkəzində (DİM) dekabrın 18-də fizika, biologiya fənləri üzrə qəbul, riyaziyyat fənni üzrə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə həm buraxılış və həm də qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ilk mərhələsinin dördüncü məşğələsi keçirilib.
Hazırlıq kursu onlayn formada keçirilib.
Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – fizika fənni üzrə Əlövsət Rəcəbli, biologiya fənni üzrə Nailə Əliyeva, riyaziyyat fənni üzrə Aqşin Abdullayev buraxılış imtahanları və ali təhsil müəssisələrinə qəbul imtahanları üçün qiymətləndirmə vasitələrinin, o cümlədən, 3 tapşırıqlı situasiyanın və onların meyarlarının hazırlanmasına verilən tələblər barədə təqdimatla çıxış ediblər.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Beləliklə, kursun birinci mərhələsi başa çatıb. İştirakçılara ev tapşırığı verilib. Növbəti məşğələdə ev tapşırıqlarının müzakirəsi aparılacaq.