Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
DİM-in şöbə müdiri Afiqə Batıyeva hazırlıq kursunun məqsədi haqqında çıxış edib. O qeyd edib ki, hazırlıq kursları üç mərhələyə bölünür. Birinci mərhələdə iştirakçılara nəzəri material – fənn kurikulumunun mahiyyəti, ölkənin təhsil sistemində tətbiq edilən qiymətləndirmə formaları və imtahanlarda istifadə edilən qapalı və açıq tipli tapşırıqların hazırlanması, cavabı yazı ilə ifadə olunan tapşırıqların qiymətləndirmə meyarları haqqında təqdimatlar edilir. İkinci mərhələ praktiki məşğələlərdən ibarətdir. Bu mərhələdə iştirakçılar ev tapşırığı yerinə yetirirlər. İştirakçılar bir ay müddətində ev tapşırıqlarını internet vasitəsilə onlara təqdim edilən elektron ünvana göndərməlidirlər. Üçüncü mərhələ cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesidir (kalibrləmə). Bakı şəhərindən olan iştirakçılar bu prosesdən DİM‑in Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında, regionlardan olanlar isə yaşadıqları əraziyə yaxın olan DİM-in regional bölməsində keçəcəklər.
Sonra fizika fənni üzrə moderator – Əlövsət Rəcəbli müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat edib.
Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun ikinci məşğələsi növbəti həftə keçiriləcək.