Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix və coğrafiya fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ikinci mərhələsinin (praktik) birinci məşğələsi keçirilib.
Hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva, tarix fənni üzrə Hafiz Cabbarov və coğrafiya fənni üzrə isə Nərminə Seyfullayeva kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Moderatorlar iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Növbəti həftə müzakirələr davam edəcək.