Elan üzrə 28 dövlət orqanında mövcud olan 103 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə namizədlərlə 325 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsahibə sayı İqtisadiyyat Nazirliyi, Rəqəmsal idarəetmə şöbəsi, Transformasiya sektoru, məsləhətçi (1 vakant yer üzrə 19 namizəd), Sumqayıt Apellyasiya Məhkəməsinin Aparatı, məsləhətçi - kompüter proqramçısı (1 vakant yer üzrə 18 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin 24 yanvar - 12 mart 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.