Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının ikinci mərhələsinin birinci məşğələləri keçirilib.
Hazırlıq kursları DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənlər üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – biologiya fənni üzrə Nailə Əliyeva və tarix fənni üzrə Hafiz Cabbarov kurs iştirakçılarına verilən ev tapşırıqlarının müzakirəsini apardılar. Hər bir referatdakı tapşırıqlar alt standartların tələbləri baxımından, məzmuna, tipə və mürəkkəblik dərəcəsinə görə təhlil edildi. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər verdilər. Moderatorlar iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
Hazırlıq kurslarının ikinci mərhələsinin ikinci məşğələsi növbəti həftə keçiriləcək.