Dövlət İmtahan Mərkəzində kimya fənni üzrə qəbul imtahanlarında və ingilis dili fənni üzrə isə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının üçüncü məşğələləri keçirilib.
Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderatorlar – kimya fənni üzrə Elşad Abdullayev, ingilis dili fənni üzrə isə Nərminə Əliyeva müvafiq fənn kurikulumu əsasında tapşırıqların hazırlanması və onların formaları ilə bağlı təqdimatlar ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kurslarının dördüncü məşğələsi növbəti həftə keçiriləcək.