30-31 yanvar 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzində tarix, fizika, kimya, biologiya və coğrafiya fənlərindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və açıq tipli tapşırıqların yoxlanılmasına dair hazırlıq kursları keçirilib.
COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq hazırlıq kursları onlayn – “Zoom” platforması üzərindən həyata keçirilib.
Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.
İclasda şöbə müdiri Afiqə Batıyeva hazırlıq kurslarının proqramı haqqında məlumat verərək qeyd etdi ki, kursun nəzəri hissəsi mövcud şəraitə görə 2 gün ərzində onlayn qaydada keçiriləcək. Sonra kursun praktiki hissəsində iştirakçıların ev tapşırıqlarını bir ay müddətində internet vasitəsi ilə onlara təqdim edilən elektron ünvana göndərməli olduqlarını bildirdi. Hazırlıq kursunun sonunda Bakı şəhərindən olan iştirakçıların DİM-in Abdulvahab Salamzadə, 28 ünvanında yerləşən binasında, regionlarda yaşayan iştirakçıların isə yaşadığı əraziyə ən yaxın DİM-in Regional bölmələrində cavabı yazı ilə ifadə olunan açıq tipli qiymətləndirmə tapşırıqlarının yoxlanılması prosesindən (kalibrləmə) keçməli olduqlarını qeyd etdi. Çıxışın sonunda A. Batıyeva kurs iştirakçılarına uğurlar arzulayaraq sözü moderatorlara verdi.
Hazırlıq kurslarında tarix fənni üzrə moderator Hafiz Cabbarov, fizika fənni üzrə moderatorlar Sona Hacılı və Əlövsət Rəcəbli, kimya fənni üzrə moderator Elşad Abdullayev, biologiya fənni üzrə moderator Nailə Əliyeva, coğrafiya fənni üzrə moderator Nərminə Seyfullayeva müvafiq fənn kurikulumunun mahiyyəti, məzmunu haqqında və imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, onları reallaşdıran mövzular, qiymətləndirmə vasitələrinin formaları, məzmunu və qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatlar etdilər.
Kursu başa vurmuş müdavimlərin şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Onlara DİM-in sertifikatı veriləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.