5-6 dekabr 2022-ci il tarixlərində Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin təşkilatçılığı ilə “Yeni əsrin istedad mərkəzi” mövzusunda İstanbul İnsan Resursları Forumu keçirilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Forum iştirakçılarına mesaj göndərərək, insan resurslarının yalnız əhatəli və əlçatan modelinin vətəndaşların bacarıq və səriştələrini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcəyini və Türkiyənin bu modelin effektivliyini artırmağa və bütün sahələrdə təkmilləşdirməyə çalışdığını bildirib.
Forumda açılış nitqi ilə çıxış edən Türkiyə Respublikası Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin prezidenti Səlim Atay Forum iştirakçılarına Türkiyənin daha güclü bir dövlətə çevrilməsini hədəfləyən milli 5 illik kadr planının hazırlanması ilə bağlı məlumat verib və gələcəkdəki tədbir və layihələrə toxunub.
Forum çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin Dövlət İdarəçilik Qurumları və Akademiyalarının iştirakı ilə “Türk Dövlətləri Təşkilatının “E-insan” mövzusunda seminar”ı da keçirilib.
Seminarda çıxış edən “TDT” baş katibinin müavini Sədi Cəfərov qurumun rəqəmsal sistemlərə, o cümlədən insan resurslarının idarə edilməsinə keçidinə, bu sahədə milli və qabaqcıl təcrübənin paylaşılmasına verilən önəmi vurğulayıb.
Seminar zamanı tərəflər insan resurslarının idarə edilməsi üzrə milli strategiyalarını təqdim edib və bu məqsədlə yaradılmış mövcud mexanizmlər haqqında məlumat mübadiləsi aparıblar.
Tədbirin yekununda görüşlə bağlı təəssüratlarını bölüşən nümayəndələr görüşün türk dövlətləri arasındakı münasibətlərin daha da möhkəmlənməsində, insan resursları ilə bağlı təcrübələrin paylaşılmasında mühüm rola malik olduğunu bildirib və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin önəmindən bəhs ediblər.
Xatırladaq ki, Forumda DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin müdiri Nərminə Bayramovanın rəhbərliyi ilə mərkəzin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.