Qonaqlar əvvəlcə ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeydə oldular. Muzeydə iştirakçılara ölkəmizdə milli qiymətləndirmə sisteminin yaradıldığı dövrdən indiyə qədər görülmüş işlərə dair ətraflı məlumat verildi. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul və buraxılış imtahanları ilə bağlı ölkə üzrə statistik məlumatları əks etdirən Azərbaycan Respublikasının elektron xəritəsi nümayiş etdirildi.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Namiq Babayev iştirakçıları salamlayıb, onları ölkəmizdə və Dövlət İmtahan Mərkəzində görməkdən məmnun olduğunu bildirərərək milli qiymətləndirmə sistemi ilə əlaqədar məlumat verib.
Görüş zamanı DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Azərbaycanda xarici dillərin tədrisi və qiymətləndirilməsi: keçmiş, bu gün, gələcək” mövzusunda, Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov “DİM-in əlavə dəyər yaradan və tamamlayıcı xidmətləri” mövzusunda, Statistik araşdırmalar, elmi layihələşdirmə şöbəsinin baş məsləhətçisi Elmir Şirinov “İmtahanların elmi layihələşdirilməsi; statistik və psixometrik təhlil; nəticələrin interpretasiyası və nəşrlər”, həmçinin “Yazı işlərinin qiymətləndirilməsi presosesinin texnoloji dövrü: E-marker qiymətləndirmə sistemi” mövzusunda təqdimatlarla çıxış etdilər.
Tədbirdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Schleicher, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PİSA üzrə koordinatoru Maie Kitsing, PİSA-nın Almaniya, Birləşmiş Ərəb Əmirlikləri üzrə koordinatorları, həmçinin Təhsil İnstitunun direktoru Rüfət Əzizov, “Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu”-nun təşkilatçısı olan T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi, Təhsil İnstitutunun və Dövlət İmtahan Mərkəzinin əməkdaşları ilə birlikdə digər qonaqlar da iştirak etdilər.
Tədbirin sonunda təqdimatlar əsasında müzakirələr aparıldı.
Qeyd edək ki, bu gün Bakı şəhərində Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu da keçirilib. "Daha təhsilli gələcək" şüarı ilə təşkil olunan Forumda Dövlət İmtahan Mərkəzi adından Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn iştirak edib. Təhsil ictimaiyyətinin əlçatanlığının artırılması məqsədilə internet resurslarında canlı yayımlanan məruzələr DİM əməkdaşları tərəfindən də dinlənilib.