Dövlət İmtahan Mərkəzində tarix fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.
Hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.
Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.
Hazırlıq kursunda DİM-in sektor müdiri Aydın Qasımov “Azərbaycan Respublikasında buraxılış və qəbul imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimat kurs iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Daha sonra moderator Hafiz Cabbarov kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Hazırlıq kursunun yeddinci məşğələsi növbəti həftə keçiriləcək.