Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili fənni üzrə buraxılış imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci mərhələsinin (praktik) birinci məşğələsi keçirilib.
Hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani formada, regiondan olan iştirakçılar üçün isə onlayn keçirilib.Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər və metodistlər iştirak ediblər.
Moderator – Nərminə Əliyeva kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Moderator iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Növbəti həftə müzakirələr davam edəcək.