Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə qəbul imtahanında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun ikinci mərhələsinin birinci məşğələsi keçirilib.
Hazırlıq kursu DİM-in əsas inzibati binasında əyani, regiondan olan iştirakçılar üçün isə onlayn formada keçirilib.
Kursda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Moderator Elşad Abdullayev kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıb. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Növbəti həftə müzakirələr davam etdiriləcək.