Bu nömrədə 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar verilib.
Jurnal Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün bir dildə - Azərbaycan dilində nəşr olunub. Həm Azərbaycan, həm də rus bölməsinin abituriyentləri bu jurnal əsasında seçim edirlər. Jurnalda “Azərbaycan bölməsi”, “rus bölməsi” və “Azərbaycan və rus bölmələri üzrə birgə” qəbul aparılan ixtisaslar təqdim olunub.
“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışda isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və Wolt tətbiqindən sifariş etmək mümkündür. https://shorturl.at/B4g0M
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi 3 - 9 avqust tarixlərində elektron formada aparılacaq.