15 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Abituriyent Məsləhət Mərkəzləri”nin işçiləri üçün ali təhsil müəsssiələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar növbəti onlayn təlim keçirilib.
Təlim zamanı iştirakçılara ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında məlumat verilib. Abituriyentlərin imtahan ballarının paylanması, qəbul planı, müsabiqə şərtləri nəzərə alınaraq ixtisas qrupları üzrə ümumi vəziyyət təhlil edilib.
Xatırladaq ki, “Abituriyent Məsləhət Mərkəzləri” ödənişsiz fəaliyyət göstərirlər.
Müsabiqə şərtini ödəyən abituriyentlər 16-28 avqust tarixlərində “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlərlə bağlı mərkəzlərə müraciət edə bilərlər.
Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Bakı Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərirlər.