1 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin təşəbbüsü ilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin və tabeliyində olan rayon təhsil sektorlarının məsul şəxsləri, həmçinin ümumtəhsil müəssisələrinin "Şagird-məzun" sistemi üzrə əlaqələndiriciləri üçün 2023/2024-cü tədris ili üzrə Təqvim planı, buraxılış sinif məzunlarının yekun attestasiyası, şagirdlər haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı seminar keçirilib.
Seminarda DİM-in Dövlət informasiya resursları departamentinin Ümumi təhsil pilləsində yekun attestasiya və təhsil müəssisələrində məzunların qeydiyyatı sektorunun müdiri Rəfail Məmmədov “Şagird-məzun” sistemindən istifadə qaydaları barədə çıxış edib, həmçinin işin gedişində yaranacaq problemlərin aradan qaldırılması yolları barədə geniş məlumat verib. Görüşdə təqvim planına uyğun olaraq görüləcək işlər müzakirə edilib və iştirakçıların suallarına ətraflı cavab verilib.