Dövlət İmtahan Mərkəzi bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.
İmtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunub.
İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İlkin məlumatlara əsasən, imtahanda hər hansı pozuntu halı qeydə alınmayıb.
Mayın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları ilə buradan tanış olmaq mümkündür.
İmtahanda iştirak edənlər test tapşırıqlarının izahını isə buradan əldə edə bilərlər.