Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərin müvafiq müstəqil ekspert sertifikatı növü üzrə test imtahanına qeydiyyatı başlanıb.
Qeydiyyat sentyabr ayının 6-dan 25 oktyabr saat 11:00-dək davam edəcək. İmtahan 3 noyabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) kompüter vasitəsilə elektron formada keçiriləcəkdir.
Namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.