Azərbaycan Respublikasının sığorta qanunvericiliyinə uyğun olaraq cari ildən etibarən müxtəlif sığorta sahələri üzrə müstəqil ekspert sertifikatlarının verilməsi məqsədilə imtahanların keçirilməsi nəzərdə tutulur.
Bununla əlaqədar müstəqil ekspert fəaliyyəti göstərmək istəyən şəxslərin yoxlanılacaq bilik və səriştələrinin çərçivəsinin müəyyən edilməsi ilə bağlı müvafiq işlər həyata keçirilmiş, müstəqil ekspert fəaliyyətinin həyata keçirildiyi bəzi sahələr üzrə imtahan proqramlarının layihələri hazırlanmışdır. İmtahanların məzmununa sığorta qanunvericiliyi ilə yanaşı konkret sığorta sahəsinə dair bilik və səriştələri müəyyən edən spesifik mövzular da daxil edilmişdir.
30 may 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində avtomobil nəqliyyatının sığortası üzrə müstəqil ekspert sertifikatının verilməsi məqsədilə keçiriləcək imtahanın proqram layihəsini müzakirə etmək üçün sahə üzrə mütəxəssislərin iştirakı ilə seminar təşkil olunmuşdur. Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin Funksional səriştələrin qiymətləndirilməsi sektorunun müdiri Süraya Cəfərova hazırlanmış proqram layihəsini seminar iştirakçılarına təqdim etmiş, mövzular ətrafında sığorta mütəxəssislərinin fikirləri dinlənilmişdir.