Seminarın spikeri biznes proseslərinin təhlili üzrə mütəxəssis Robertas Serenas DİM-in müvafiq struktur bölmələrinin əməkdaşlarının iştirakı ilə keçirilən seminarda iş prosesinin səmərəliliyinin artırılması ilə əlaqədar bir sıra biznes yanaşmalarına dair müzakirələr aparıb.
Seminar layihə çərçivəsində “Dövlət qulluğuna qəbul, qulluqda yüksəliş və xidməti fəaliyyətin qiymətləndirilməsində səriştəyə əsaslanan yanaşmanın hüquqi və institusional çərçivəsinin gücləndirilməsi” fəaliyyətinin həyata keçirilməsi istiqamətində təşkil edilən ilk praktiki tədbirdir.
Tədbirin ilk günü nəzəri xarakter daşıyıb və “Lean and Six Sigma” (Qənaət və 6 siqma) idarəetmə metodu; proseslərin yetkinlik səviyyəsi; dəyər axını xəritəsinin yaradılmasının məqsədi; proseslərin təsviri, təsdiqi və iştirakçıları; prosesin vizuallaşdırılması (BPMN standartı); “As Is” (“Olduğu kimi”) proses xəritəsi (blok-sxem) kimi məsələləri əhatə edən ətraflı təqdimat nümayiş olunub.
Tədbirin növbəti günü praktik məşğələ ilə davam edib. Belə ki, Azərbaycanda dövlət qulluğuna qəbul prosesinin dəyər axını xəritəsinin yaradılması, yaradılmış əlavə dəyərin və yaradılmamış əlavə dəyərin təhlili, mükəmməl prosesin prinsipləri, prosesin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və onların prioritetləşdirilməsi üzrə qrup işi keçirilib.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemindəki islahata dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.
Layihə ilə əlaqəli digər xəbərlərə keçidlər:
https://dim.gov.az/news/7927/?sphrase_id=1275168
https://dim.gov.az/news/9022/?sphrase_id=1275168