2018-ci ilin 21-25 may tarixlərində Litvanın Dövlət Katibliyi, Dövlət Qulluğu Departamenti və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanın dövlət qulluğu sistemində islahatlara dəstək” AZ/15/ENP/OT/40 layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərinə təlim səfəri həyata keçirilmişdir.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşları daxil olmuşdur.
Nümayəndə heyəti Litvanın Nazirlər Kabinetinin Katibliyi, Dövlət Qulluğu Departamenti, Daxili İşlər Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi, Milli Audit Mərkəzi və yerli idarəetmə orqanı olan Druskininkay bələdiyyəsində görüşlər keçirmişdir.
Litva Dövlət Katibliyinə səfər zamanı dövlət katibi cənab Algirdas Stonkaitis və onun müavini Litva tərəfindən Layihə rəhbəri cənab Alminas Maçulislə görüş keçirilmiş, Layihənin gedişi və DİM ilə litvalı tərəfdaşların əməkdaşlığı məsələləri müzakirə edilmişdir. Eyni zamanda Katibliyin nümayəndələri tərəfindən Litvada dövlət qulluğunda əmək haqqı sistemi və ümumilikdə Litvanın dövlət idarəetməsi, dövlət qulluqçularının qeyri-maddi üsullarla həvəsləndirilməsi barədə təqdimatlar edilmiş və müzakirələr aparılmışdır.
Dövlət Qulluğu Departamentinə səfər zamanı Departament direktoru vəzifələrini icra edən cənab Osvaldas Sarmaviçius ilə görüş keçirilmiş, onun tərəfindən Departamentin fəaliyyəti barədə məlumat verilmişdir. Eyni zamanda cənab Sarmaviçius ilə Layihə çərçivəsində Litva Dövlət Qulluğu Departamenti ilə DİM-in əməkdaşlığının qarşılıqlı faydası və gələcək planlar müzakirə edilmişdir. Daha sonra Departamentin nümayəndələri tərəfindən Litvada dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi, dövlət qulluqçularının əmək haqqının xidməti fəaliyyətin qiymətləndirilməsi nəticələri ilə əlaqəsi və özəl sektorda əməkhaqqı sistemi barədə təqdimatlar edilmişdir. DİM nümayəndələri ilə litvalı ekspertlər arasında müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılmışdır.
Səfərin ikinci günündə Daxili İşlər Nazirliyində nazirin müşaviri cənab Denius Jilinskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüş zamanı nazirlik rəsmiləri tərəfindən dövlət qulluğu sahəsində, o cümlədən dövlət qulluğuna qəbul, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və onların əməyinin ödənilməsi sahəsində həyata keçirilməsi nəzərdə tutulan islahatlar barədə məlumat verilmiş və bu sahələrdə müzakirələr aparılmışdır. Görüşdə nazirlik nümayəndələri tərəfindən Tvinninq layihəsinin qarşılıqlı təcrübə mübadiləsi üçün faydalı olması vurğulanmış və hazırda nazirlik tərəfindən hazırlanan təkliflərdə Azərbaycanda əldə edilmiş təcrübədən istifadə edərək dövlət qulluğuna mərkəzləşdirilmiş qaydada qəbulun təşkil edilməsi də öz əksini tapdığı qeyd edilmişdir.
Səfər müddətində nümayəndə heyəti Litvada dövlət qulluqçularının reyestrinin aparılması və bu sistemin digər dövlət orqanlarının sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinə dair təcrübə ilə də tanış olmuşdur. Litvalı ekspertlərlə Azərbaycanda Dövlət Qulluqçularının Reyestrinin aparılması təcrübəsi və bu sistemin təkmilləşdirilməsi perspektivləri müzakirə edilmişdir.
Litva Milli Audit Mərkəzinin direktorunun müavini xanım Nijole Mikuviene ilə görüşdə Milli Audit Mərkəzinin dövlət idarəçiliyi və insan resurslarının idarə edilməsi sahəsində auditin keçirilməsi ilə bağlı funksiyaları və bu sahədə görülən işlər barədə məlumat verilmişdir. Görüş müddətində Mərkəzin nümayəndələri tərəfindən bu sahədə həyata keçirilmiş audit nəticələri, aşkar edilmiş əsas pozuntular və bu pozuntuların aradan qaldırılması üzrə Mərkəz tərəfindən dövlət orqanlarına verilən tövsiyələr barədə təqdimatlar edilmişdir.
Litvaya səfər çərçivəsində nümayəndə heyəti Druskininkay şəhər bələdiyyəsində də olmuşdur. Bələdiyyə sədrinin müavini cənab Linas Urmanaviçus şəhər və onun idarə edilməsi sistemi, bələdiyyədə qulluq keçən dövlət qulluqçularının idarə edilməsi ilə bağlı məsələlər, habelə şəhərdə həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir.
Səfərin sonuncu günündə Litva Sosial Müdafiə və Əmək Nazirliyində görüşlər keçirilmiş və Litvada dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsi sistemi barədə məlumat əldə edilmişdir.
Təlim səfəri Avropa İttifaqı üzvü olan Litvanın dövlət qulluqçularının əmək haqqı sistemi təcrübəsi barədə ətraflı məlumat toplamaq imkanı vermişdir. Əldə olunan biliklər Azərbaycanın dövlət qulluğu sistemini təkmilləşdirmək üçün Tvinninq layihəsində istifadə ediləcəkdir.