Dövlət İmtahan Mərkəzi 4 dekabr 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.
İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün "Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı" platformasına daxil olaraq müvafiq xidməti seçməklə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
BB vəzifə qrupu üzrə test imtahanı
BB vəzifə qrupu üzrə test imtahanı 4 dekabr saat 16:00-da keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 29 oktyabr 2026-cı il saat 10:00-dan 19 noyabr saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 4 dekabr saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 420 yer ayrılıb. Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 29 oktyabr 10:00-dan 19 noyabr saat 18:00-dək həyata keçiriləcək.