1 iyun 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində Bakıda işgüzar səfərdə olan Böyük Britaniyanın aparıcı qiymətləndirmə qurumlarından biri – “AQA Global Assessment Services”in nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, “AQA Global Assessment Services” şirkətinin Beynəlxalq satış və marketinq üzrə direktoru Şon Krouli və rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də DİM-in müvafiq struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Görüş zamanı DİM tərəfindən həyata keçirilən ali təhsil müəssisələrinə qəbul imtahanları ilə beynəlxalq “A-Level” imtahanlarının müqayisəli təhlilinin aparılması istiqamətində “AQA Global Assessment Services” tərəfindən təqdim olunmuş təkliflər ətrafında geniş müzakirələr aparılıb. Tərəflər imtahanların məzmunu, o cümlədən koqnitiv yük, qiymətləndirilən bilik və bacarıqlar, test tapşırıqlarının növləri baxımından müqayisəli təhlili ilə yanaşı, hər iki imtahan sisteminə aid tapşırıqlardan istifadə olunmaqla pilot imtahanların keçirilmə imkanlarını da müzakirə ediblər.
Görüş zamanı həmçinin qiymətləndirmə prosesinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq təcrübənin daha dərindən araşdırılması, qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi və bu sahədə müasir metodların tətbiqi imkanları, eləcə də iki qurum arasında qiymətləndirmə sahəsində birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.