1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən doğma dilimizdə nəşr olunmağa başlamış "Əkinçi" qəzeti milli mətbuatımızın ilk nümunəsi hesab olunur. Qəzet dövrün qabaqcıl ideyalarını təbliğ etmiş, ictimai-siyasi və bədii düşüncənin inkişafına güclü təsir göstərmişdir.
Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə də öz böyük töhfəsini vermişdir.
Hazırda ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Dövlətin informasiya siyasəti vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir.
Dövlət İmtahan Mərkəzi olaraq biz də öz növbəmizdə hər il digər sahələrdə olduğu kimi, jurnalistika ixtisasına qəbulda da daha layiqli və məqsədyönlü abituriyent və bakalavrların seçilməsini, onların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini və bu məqsədlə işə peşəkarların cəlb edilməsini təmin edirik. Artıq bir neçə ildir ki, jurnalistika ixtisasını seçən abituriyent və bakalavrlar qəbul imtahanından əlavə qabiliyyət imtahanı da verirlər. Bu isə bizə gələcəkdə mətbuat sahəsində çalışacaq və bu sahəni daha da inkişaf etdirəcək namizədləri seçməyə imkan yaradır.
Ölkə ictimaiyyətinin böyük maraq göstərdiyi ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin, dövlət qulluğuna qəbulun, bu sahədə həyata keçirilən tədbirlərin, yeniliklərin KİV nümayəndələri tərəfindən diqqətdə saxlanılmasını, bu istiqamətdə maarifləndirmə işinin aparılmasını yüksək qiymətləndirir, DİM ilə media işçiləri arasındakı səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyimizi ifadə edirik.
Bir daha Milli Mətbuat Günü münasibətilə sizi təbrik edir, hamınıza peşə fəaliyyətinizdə uğurlar, şəxsi həyatınızda xoşbəxtlik arzulayırıq.