Zal nəzarətçisi sertifikatı əldə etmiş 1086 nəfər imtahanların idarəedilməsi prosesinə cəlb ediləcək.
Sertifikat əldə etmək üçün qeydiyyat prosesi 2024-cü il 16 sentyabr - 10 oktyabrda tarixlərində aparılıb və 2650 nəfər müraciətini təsdiq edib.
Namizəd elektron müraciət etdikdən sonra ilk olaraq təqdim olunan sənədlərin tələblərə uyğunluğu DİM tərəfindən yoxlanılıb. 2259 namizədin müraciəti təsdiq edilib və müsahibəyə dəvət edilib. Müsahibə zamanı namizədin fiziki və psixoloji cəhətdən sağlamlığı, ümumi dünyagörüşü, nitqi, emosional davamlılıq və stres vəziyyətində işləmək bacarığı yoxlanılır. Müsahibə üçün qeydiyyatdan keçmiş 2086 namizəddən 1709 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə - ümumi intellektual səviyyəni və situasiya mühakimə bacarıqlarını yoxlayan ilkin test imtahanında iştirak hüququ qazanıb.
İlkin test imtahanında namizədlərə məntiqi təfəkkürü yoxlayan 30 qapalı tipli test tapşırığı və situasiya mühakimə bacarıqlarını yoxlayan 30 qapalı tipli test tapşırığı təqdim olunur. İlkin test imtahanı üçün qeydiyyatdan keçmiş 1596 namizəddən 1228 nəfər 40%-dən yuxarı nəticə göstərərək növbəti mərhələyə keçib və iki günlük təlimlərə cəlb edilib.
Birinci təlim “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” adlanır. Bu təlim imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edir. Bu təlimdə 1204 namizəd iştirak edib.
“İmtahanların idarəedilməsi, texnologiyası və zal nəzarətçisinin fəaliyyəti” adlanan ikinci təlimdə DİM haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi prosesi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir və proses praktiki cəhətdən izah edilir. Bu təlimdə 1204 namizəd iştirak edib.
Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün yekun test imtahanına cəlb ediliblər. İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunur. Yekun test imtahanında 1199 namizəd iştirak edib.
Namizədin yekun qiyməti aşağıdakı qaydada hesablanır: ümumi intellekt səviyyəni yoxlayan testlər blokundan əldə etdiyi nəticənin 40%-i ilə imtahan texnologiyası və prosedur qaydalarına dair yekun test imtahanından topladığı balın 60%-i toplanır. Yekunda 60% və daha çox nəticə göstərən namizədin fəaliyyəti aşağıdakı kateqoriyalara uyğun olaraq sertifikatlaşdırılır:
- 90% və ondan yüksək nəticə göstərdikdə - A kateqoriyası;
- 60%-90% intervalında nəticə göstərdikdə - B kateqoriyası;
Ümumi nəticəsi 60% və daha yüksək olan 1086 namizəddən 2 nəfər A və 1084 nəfər B kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilib. Bu nəzarətçilər onlarla xidməti müqavilə bağlandıqdan sonra mart ayından etibarən imtahanlara cəlb ediləcəklər.
Məlumat üçün qeyd edək ki, zal nəzarətçilərinin sertifikatlaşıdırılması prosesində iştirak edən 24 nəfər Vətən Müharibəsi iştirakçısı uğur qazanaraq DİM-in elektron nəzarətçilər bazasına daxil edilib.
Nəzərinizə çatdırırıq ki, indiyə qədər 5896 nəfər zal nəzarətçisi sertifikatı əldə edib.
Qeyd: zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün növbəti qeydiyyatın cari ilin sentyabr ayından etibarən yenidən başlanılması nəzərdə tutulur.