Martın 9-na qədər davam edəcək təlimlər Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılır. Təlimlər respublikanın bütün şəhər və rayonlarında keçirilir və 7362 nəzarətçinin bu prosesdə iştirak edəcəyi gözlənilir.
Təlimlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçilərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır. Təlimlərdə cavab kartları və cavab vərəqlərinin doldurulması, açıq tipli test tapşırıqlarının (kodlaşdırılması tələb olunan və yazılı formada cavablandırılması tələb edilən test tapşırıqları) cavablarının qeyd olunması və buraxılış imtahanlarında xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusundan istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır, onların imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid elektron təqdimat nümayiş etdirilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib.
Xatırladaq ki, bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.
İndiyə qədər DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan təlimlərdə 3878 nəzarətçi cəlb edilib. Müxtəlif səbəblərdən təlimlərdə iştirak edə bilməyən 337 nəzarətçi qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək təlimlərə dəvət edilir.
Qeyd edək ki, təlim iştirakçıları DİM tərəfindən keçirilən sınaq imtahanlarına cəlb edilir. Bu da onların təlimlərdə əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək.
Təlimlərin qrafiki ilə buradan tanış ola bilərsiniz.