Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs “İnformasiya əldə etmək haqqında” və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunlar əsasında açıq məlumatların “Açıq məlumatlar portalı”nın yeni versiyasında yerləşdirilməsini təmin edir.
İlk olaraq opendata.idda.az portalının “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi” bölməsində “2025-ci il üçün Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və məsul işçiləri tərəfindən vətəndaşların qəbulu cədvəli”, “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri” və “Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri” açıq məlumat dəstləri yer alıb. Mərkəzin fəaliyyətinə aid digər açıq məlumat dəstlərinin yerləşdirilməsi davam etdiriləcək.
Qeyd edək ki, açıq məlumat hər kəs tərəfindən əlçatan olan, istifadə edilə və təkrar paylaşıla bilən məlumatdır. Açıq məlumatlar portalı bu məlumatların insan və maşın tərəfindən oxunabilən formatlarda (JSON, XML, CSV, XLS, DOC, PDF) təqdim edildiyi sistemdir. Sistem ölkə daxilində olan açıq məlumatları vahid bir sistemdə toplayaraq müxtəlif formatlarda təqdim edilməsini həyata keçirir. Sistem dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin və şəffaflığın artırılması üçün həyata keçirilən Açıq Hökumətin tərkib hissələrindən biridir. Açıq məlumatlar dövlət orqanları tərəfindən “İnformasiya əldə etmək haqqında” və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunlar əsasında yerləşdirilir.