12 fevral 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə şəhid olmuş qəhrəmanlarımızın məktəbli övladlarının iştirakı ilə Biləsuvar, Göyçay, Şəki və Xaçmaz şəhərlərində görüşlər keçirilib.
Tədbirlərdə 4 noyabr 2021-ci il tarixində DİM ilə “YAŞAT” Fondu arasında əməkdaşlığa dair imzalanan Memorandum iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, imzalanan memorandumun əsas məqsədi şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara dəstək vermək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına əməli yardım göstərməkdir.
Memorandumun fəaliyyət istiqamətlərindən və görülən işlər barədə məlumat verildikdən sonra DİM əməkdaşları tərəfindən iştirakçılara psixoloji dəstəyə, psixoloq fəaliyyətinə adekvat münasibətin formalaşmasına, psixoloji biliklər sahəsində dünyagörüşün genişləndirilməsinə töhfə vermək və insanlara keyfiyyətli psixoloji dəstək xidmətləri göstərmək məqsədi ilə DİM tərəfindən yaradılan e-psixoloq.az saytı barəsində də məlumat verilib. Çıxışlardada saytın əsas fəaliyyət istiqamətləri olan onlayn konsultasiyalar, maarifləndirici materiallar, psixoloji testlər və peşələrin təsviri xidmətlərindən istifadə qaydaları izah edilib.
Tədbir iştirakçılarına Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri (ümumilikdə 586 ədəd) hədiyyə olunub. Həmçinin otk.az saytı vasitəsilə keçirilən sınaq imtahanlarına ödənişsiz kuponlar təqdim edilib. İştirakçılara verilən kuponların istifadə qaydaları və otk.az saytının “fənlər və siniflər üzrə sınaq imtahanları”, “IX və XI sinif şagirdləri üçün onlayn buraxılış imtahanları”, “interaktiv siniflər üzrə test kitabları”, “interaktiv test topluları” və digər xidmətləri haqqında məlumat verilib.
Qeyd edək ki, Biləsuvardakı görüş Heydər Əliyev Mərkəzində təşkil olunub və tədbirdə DİM-in Lənkəran Regional Bölməsinin əməkdaşları, mərkəzin nümayəndələri və Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı və Astara rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir qismi və onların valideynləri iştirak ediblər.
Göyçayda təşkil olunan tədbirdə rayon icra başçısının müavini Zivər Zeynalova, DİM-in Göyçay Regional Bölməsinin müdiri Elnur Qədirov, ictimai fəal şəxslər və Ağdaş, Ağsu, Ucar, Kürdəmir, İsmayıllı, Göyçay və Şamaxı rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan bəzi şəhid övladları iştirak ediblər.
Şəki şəhər Rəşid bəy Əəfəndiyev adına 10 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə isə DİM-in Şəki Regional Bölməsinin müdiri Səbuhi Hüseynov, “YAŞAT” Fondunun Şəki şəhəri üzrə nümayəndəsi Samir Qarayev, ictimaiyyət nümayəndələri və Balakən, Zaqatala, Oğuz, Qax və Şəki rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladları iştirak ediblər.
Digər görüş DİM-in Xaçmaz Regional Bölməsinin inzibati binasında keçirilib. Tədbirdə regional bölmənin əməkdaşları, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan şəhid övladlarının bir hissəsi iştirak ediblər.
Biləsuvar, Göyçay, Şəki və Xaçmaz şəhərlərində keçirilən tədbirlərə COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər nəzərə alınaraq müvafiq olaraq 24, 18, 19 və 15 nəfər məktəbli və onların valideynləri dəvət olunub. Biləsuvar, Göyçay, Şəki, Xaçmaz və ətraf rayonların məktəblərində təhsil alan, lakin pandemiya qaydalarına riayət etmək səbəbi ilə görüşə çağırılmayan şəhid övladlarına da DİM tərəfindən nəşr olunan müxtəlif dərs vəsaitləri və otk.az saytı üçün ödənişsiz kuponlar çatdırılacaq.
Məlumat üçün bildirək ki, analoji tədbirlər bundan əvvəl Bakı, Gəncə, Naxçıvan, Bərdə, Şəmkir və Şirvan şəhərlərində keçirilib.