22 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzində Kazan Federal Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası ünsiyyət institutunun direktoru R.Zamaletdinov, direktorun beynəlxalq əlaqələr və inkişaf üzrə müavini E.Qafiyatova, Kayum Nasiri adına elmi-tədris mərkəzinin direktoru A.Yusupova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müşaviri M.Əkbərli, Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri N.Əliyev, Dövlət dili və xarici dillər üzrə şöbənin müdiri K.Hacıyeva və fənn üzrə kuratorlar İ.Nəbizadə və N.Qusyeva iştirak ediblər.
Nümayəndə heyəti DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzey ilə tanış olublar.
Görüş zamanı qonaqlara Mərkəzin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib və tədris dilləri, eləcə də xarici dillər üzrə keçirilən imtahanlar barədə geniş fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər, həmçinin gələcək əməkdaşlıq perspektivləri üçün vacib sahələri də müzakirə ediblər və müvafiq memorandumun hazırlanması haqqında razılığa gəliblər.