1-5 iyul 2019-cu il tarixlərində ümumtəhsil müəssisələrinin I, IV, VII və VIII sinifləri üzrə 2019/2020-ci tədris ili üçün hazırlanmış dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) elmi-metodiki monitorinqi davam etdirilmişdir. Monitorinq nəticəsində hər bir dərslik komplekti üzrə (Azərbaycan və rus dillərində) məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu və müəllim üçün metodik vəsaitin məzmununun işlənməsi baxımından yekun rəylər hazırlanmışdır.
Qeyd olunan tarixlərdə DİM tərəfindən ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə dərsliklər əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təkmilləşdirilməsi ilə bağlı müzakirələr də keçirilmişdir. Müzakirəsi başa çatmış kitabçalar “Abituriyent” jurnalının redaksiyasına təhvil verilmişdir.
Həmçinin yeni layihə – imtahan fənləri üzrə məktəb dərsliklərinin mövzuları əsasında hazırlanmış qiymətləndirmə materiallarının müzakirəsi aparılmışdır. Yaxın vaxtlarda bu materiallar otk.az saytında yerləşdiriləcəkdir.