Görüşdə DİM-in Direktorlar Şurası sədrinin müavini Namiq Babayev, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn, şöbənin böyük məsləhətçisi Vəfa Ələkbərova və Yunus Əmrə İnstitutunun Bakı təmsilçiliyinin mədəniyyət işləri üzrə kordinatoru Nuranə Tağıyeva da iştirak ediblər.
Görüşdə qurumlar arasında əməkdaşlıq perspektivləri, qiymətləndirmə sahəsində yeniliklər, Türkçə Yetərlik İmtahanının (TYS) DİM tərəfindən keçirilməsi, imtahanın Azərbaycan ictimaiyyətində tanıdılması, eyni zamanda Azərbaycan Dili Xarici Dil kimi İmtahanının ərsəyə gətirilməsi məqsədilə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 iyul tarixli 346 nömrəli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən Nazirlər Kabinetinin "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn fəaliyyətin həyata keçirilməsində DİM icraçı qurumlardan biri olaraq göstərilib.
Qeyd edək ki, 2009-ci ildə fəaliyyətə başlayan Yunus Əmrə İnstitutunun xaricdə 58 mədəniyyət mərkəzi var. Mədəniyyət Mərkəzlərində verilən Türk dili dərsləri ilə yanaşı, fərqli ölkələrdəki təhsil təşkilatları vasitəsilə Türkologiya fakültələri və Türk dilinin tədrisi dəstəklənir. Mədəniyyət mərkəzləri türk mədəniyyət və sənətini tanıtmaq məqsədilə bir çox fəaliyyətlər təşkil edir, milli və ya beynəlxalq tədbirlərdə Türkiyə təmsil olunur. Yunus Əmrə İnstitutu həm də Xarici Dillərin Öyrənilməsi, Tədrisi və Qiymətləndirilməsi istiqamətlərində Avropa Şurasının Çərçivə Sənədi (CEFR) əsasında hazırlanan, Türkiyə universitetlərində təhsil almaq istəyən xarici tələbələrin türk dili üzrə hazırlıq kurslarından azad olmalarını təmin edən və bir çox üstünlükləri özündə birləşdirən TYS-ni inkişaf etdirən və keçirən qurumdur.