6 oktyabr 2026-cı il tarixində Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. Dövlət İmtahan Mərkəzinin (DİM) Rəqəmsal inkişaf, innovasiyalar və strateji layihələrin idarə edilməsi şöbəsinin müdiri Elmir Şirinov Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda iştirak edib.
İclas zamanı Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Müzakirələr çərçivəsində siyasi dialoqun, iqtisadi və ticarət əlaqələrinin, enerji, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, eləcə də humanitar və səhiyyə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Sonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol imzalanıb. Komissiyanın 9-cu iclasının 2027-ci ildə London şəhərində keçirilməsinə qərar verilib. İclas zamanı həmçinin 2026-2027-ci illər üzrə əhatəli Fəaliyyət Planı qəbul edilib. Həmin Fəaliyyət Planına DİM-in Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə, ALTE, PeopleCert, BPS (Britaniya Psixoloji Cəmiyyəti) və AQA şirkətləri ilə, beynəlxalq müqayisəli qiymətləndirmə vasitəsilə dil imtahanlarının CEFR standartlarına uyğunlaşdırılması, beynəlxalq səviyyədə keyfiyyətin tanınmasına hazırlıq, yüksək əhəmiyyətli imtahanlar və işə qəbul sahələrində potensialın gücləndirilməsi, sertifikatlaşdırma və birgə elmi tədqiqatlar istiqamətində nəzərdə tutulan əməkdaşlıq məsələləri də daxil edilmişdir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müvafiq qurumları ilə əməkdaşlıq çərçivəsində hazırda bir sıra mühüm təşəbbüsləri həyata keçirməkdədir. DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu ilə əməkdaşlıq çərçivəsində Kembric İngilis dili imtahanlarını təşkil edir. Bundan əlavə, 10 aprel 2026-cı il tarixində DİM və “British Council” arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, Dövlət İmtahan Mərkəzi artıq rəsmi IELTS qeydiyyat mərkəzi (Registration Centre) kimi fəaliyyətə başlayıb. Xatırladaq ki, qeydiyyat mərkəzi (registration center) IELTS imtahanlarının keçirilməsi üçün “British Council” tərəfindən müəyyən edilmiş və müvafiq tələblərə cavab verən rəsmi imtahan məkanıdır. DİM bu əməkdaşlıq çərçivəsində IELTS imtahanlarının keçirilməsi üçün müvafiq infrastruktur və imtahan şəraiti təmin edəcək. DİM-də ilk IELTS imtahanı 19 noyabr 2026-cı il tarixində mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küçəsi, 50) keçiriləcəkdir.