14 iyun 2022-ci il tarixində Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri arasında “Elm və təhsil” və “Dövlət qulluğuna qəbul” istiqamətləri üzrə təmsilçi DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn də iştirak edib.
İclasa Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət Katibinin Parlament nümayəndəsi, ixracat naziri Mike Freer həmsədrlik ediblər.
Tədbir zamanı hər iki tərəfin müvafiq dövlət qurumlarının nümayəndələri təqdimatla çıxış edərək ölkələrindəki mövcud iqtisadi inkişafı, həmçinin Birgə Kommisiyanın 2021-ci ilin 20 may tarixində onlayn formada keçirilmiş 4-cü iclasından etibarən ikitərəfli ticarət əlaqələrində əldə edilmiş irəliləyişləri nəzərdən keçiriblər. Enerji keçidi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların artırılması, mina təhlükəsi ilə mübarizə, rəqəmsal iqtisadiyyat, infrastruktur, səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Nəticədə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
5-ci iclasın protokol sənədində DİM və Birləşmiş Krallığın müvafiq dövlət qurumları arasında aşağıda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın təşkil edilməsi qərara alınıb:
Elm və təhsil sahəsində əməkdaşlıq:
• Yerli ingilis dili qiymətləndirmə alətlərinin nəzərdən keçirilməsini və beynəlxalq standartlara uyğunlaşdırılmasını dəstəkləyən təşəbbüslərin önə çəkilməsi;
• Maliyyə sertifikatları və standartları üzrə DİM ilə Böyük Britaniyanın aparıcı ixtisas qurumları və imtahan şuraları arasında əlaqələrin yaradılması.
İnformasiya Kommunikasiya Texnologiyaları da daxil olmaqla rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq:
• Böyük Britaniyanın müvafiq aparıcı qurumu ilə dövlət qulluğuna işə qəbul üzrə təcrübəsinin DİM ilə mübadiləsi.
Qeyd edək ki, adıçəkilən istiqamələr üzrə təcrübə mübadiləsi DİM tərəfindən hazırda aparılan bir sıra işlərin beynəlxalq standartlara uyğun təşkilinə töhfə verməsini nəzərdə tutur. Belə ki:
• DİM ingilis dili və təhsil sahəsində Birləşmiş Krallığın Britaniya Şurası (British Council) və Kembric Qiymətləndirmə (Cambridge Assessment) təşkilatları ilə əməkdaşlığı çərçivəsində ingilis dili üzrə yerli qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər;
• beynəlxalq kvalifikasiya və yerli PMS imtahanlarının standartlarının müqayisəli təhlili və inteqrasiyası istiqamətində fəaliyyət (DİM-in maliyyə və mühasibatlıq sahəsindəki tədris mərkəzləri və peşəkar mühasib təşkilatları ilə əməkdaşlığı barədə: https://dim.gov.az/news/8358/?sphrase_id=1211733);
• dövlət qulluğunda səriştə modelinin tətbiqi istiqamətində fəaliyyət ("Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" texniki yardım layihəsi barədə: https://dim.gov.az/news/7927/?sphrase_id=1211730)
Xatırladaq ki, 4-cü iclasın protokoluna əsasən DİM Böyük Britaniyanın qiymətləndirmə üzrə keyfiyyətə nəzarət qurumu olan Ofqual və Böyük Britaniyada dövlət qulluğuna qəbul üzrə məsul olan Dövlət qulluğu komissiyası ilə bir sıra görüşlər keçirib və hər iki ölkənin təhsildə qiymətləndirmə və dövlət qulluğuna qəbul siyasəti istiqamətləri üzrə müvafiq olaraq innovativ yanaşmalar haqqında fikir mübadiləsi aparılıb.
Eyni zamanda, 15 iyun tarixində DİM-in nümayəndəsi London Texnologiya Həftəsində (London Tech Week) iştirak edib. London Texnologiya Həftəsi texnologiyanın cəmiyyət və sənayedəki rolunu müzakirə etmək üçün 20000-dən çox qlobal hökumət və korporativ liderləri bir araya gətirən platformadır. Dünyanın ən canlı texnoloji mərkəzlərindən birində keçirilən birhəftəlik festival aşağıdakı əsas mövzulara həsr olunub:
· texnoloji innovasiyanın növbəti nəsli;
· təsirli innovasiyalar;
· inkişaf edən texnologiya sənayesi.